Səhiyyə Nazirliyi DSX-nın hərbi hissəsində baş verən yanğında 9 nəfərin xəsarət aldığını açıqlayıb

20 İyul 2012 12:04 (UTC+04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, güclü yanğın nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumatda bildirilir ki, dünən saat 07:59 radələrində "103 xidməti"nə Qaradağ rayonunda baş vermiş yanğın hadisəsi haqqında məlumat daxil olub. Hadisə yerinə dərhal öncə 3, saat 08:30 radələrində isə əlavə olaraq daha 9 təcili tibbi yardım briqadası göndərilib. Təcili Tibbi Yardım stansiyasının əməkdaşları yanğın zamanı zərərçəkmişlərdən nisbətən yüngül xəsarət alan 6 nəfərə yerindəcə ambulator yardım göstərib və evlərinə buraxıblar.

Nisbətən ağır xəsarət almış Fövqəladə Hallar Nazirliyinin 3 əməkdaşı Kliniki Tibbi Mərkəzə gətiriliblər. 1973-cü il təvəllüdlü Valid Əfəndiyev alın sümüyünün xətti sınığı, 1987-ci təvəllüdlü Rauf Hüseynov alt çənə bıçağının sınığı və diz nahiyəsinin deşiyi, 1987-ci il təvəllüdlü Rzayev Xəyal isə natamam yanma məhsulları ilə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur. Yaralıların vəziyyəti orta ağırdır və xəstələrin heç bir həyati təhlükəsi yoxdur.