Deputat girovun ailəsinə baş çəkib

31 Oktyabr 2014 22:11 (UTC+04:00)
Millət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsinə baş çəkib. 

ANS PRESS-in məlumatına görə, deputat bu barədə sosial şəbəkədə məlumat yayıb. Aydın Mirzəzadə qeyd edib ki, Şahbazın evinə yaxın qohumu Ramizlə birlikdə gedib:

"Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır. Evin şəraitindən zəhmət ailəsi olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyirlər. Torpağa çox bağlı bir insan olduğunu söylədilər, qorxmaz, cəsarətli bir insandır. Evdə hara getdiyindən xəbərləri olmayıb.
Ailə ilə yaxın qohumları yaxından maraqlanırlar. Şahbazın anası və qızı bu günlərə qədər onun taleyindən xəbərləri olmayıb.
Baş nazirin müavini, Qaçqınkomun sədri Əli Həsənovun ailə ilə daima maraqlandığını söyləyiblər".

Deputat girovun həyat yoldaşına və qohumuna Şahbaz Quliyev, Dilqəm Həsənovun taleyi ilə hər kəsin maraqlandığını və Azərbaycan dövlətinin öz oğluna sahib çıxdığını söyləyib: 

"Ailə üzvləri onun üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Girovların ailələri Şahbazın həyat yoldaşı və Dilqəm Əsgərovun Rusiya vətəndaşları olmasına baxmayaraq Rusiyanın onların taleyi ilə maraqlanmadığını da dilə gətiriblər. Ailə üzvləri Şahbaz və Dilqəmin sağlalığından ciddi narahat olduqları da bildiriblər. Hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın "məhkəmə" görüntüləri onlara normal baxmadıqlarından xəbər verir".

Millət vəkili Şahbazın ailəsinə, onun tezliklə vətənə qayıdacağına inandığımızı və gələn dəfə artıq onunla görüşə gələcəyini bildirib. 

Deputat Şahbaz Quliyevin qızı ilə şəklini də paylaşıb.