"E-hökumət"dən vətəndaşlara daha bir xidmət

3 Noyabr 2014 09:00 (UTC+04:00)
"Elektron hökumət" portalı üzərindən təqdim edilən xidmətlərin istifadəsi ilə əlaqədar "Əks əlaqə" və "Müraciətlər" adlı xüsusi bölmə hazırlanıb. Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, vətəndaşlar portalda "Müraciətlər" bölməsinə daxil olaraq (həmçinin hər bir e-xidmət səhifəsində olan "Əks əlaqə" düyməsini seçməklə) istənilən elektron xidmətlə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya və verilən cavabları izləyə biləcəklər. Sistemdə vətəndaş ilə xidmət təminatçısı arasında passiv rejimdə dialoq aparılır və bütün yazışmalar arxivləşdirilir. Yeni sistem vasitəsilə vətəndaşlardan daxil olan müraciətlər, onların cavablandırılması barədə statistik məlumatlar online rejimdə portalda qurumlar üzrə yerləşdiriləcək və aylıq "Elektron hökumət" bülletenlərində dərc ediləcək.
Daxil olan müraciətləri cavablandıracaq məsul şəxslər barədə məlumatlar dövlət qurumları tərəfindən Məlumat Hesablama Mərkəzinə siyahı şəklində təqdim olunacaq və həmin şəxslər sistemdə tanıtdırılacaq.