Azərbaycanın magistral yollarında vəziyyət necədir?
3 Noyabr 2014 10:35 (UTC+04:00)
Azərbaycanın magistral yolları açıqdır və
avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur. Bu barədə
Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Respublika
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi, polis polkovniki Kamran Əliyev məlumat
verib.
K.Əliyev bildirib ki, hazırda bütün yollarda
çiskin, yağış var, külək əsir, Qusarda qar yağır, Ağsu aşırımda isə
sulu qar yağır. Ancaq bütün yollar açıqdır.
Onun sözlərinə görə, sürücü avtomobilin surətini
meteoroloji şəraitə uyğun seçməlidir: "Yağışlı hava şəraiti
avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman
istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz
məsafəsinin uzanmasına səbəb olur. Sürücülər ilk növbədə tərkibində
rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə
etməlidirlər. Belə hava şəraitində sürücülər avtomobilin texniki
cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işlənməsinə, işıq
cihazlarından düzgün istifadə olunmasına diqqət
yetirilməlidir".
K.Əliyev qeyd edib ki, dünən ölkə ərazisində 12
yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər isə
yaralanıb.
Ölümlə nəticələnən yol qəzası Qaradağ rayonu
ərazisində baş verib. Avtomobillərin toqquşması nəticəsində bir
nəfər ölüb. Yevlax rayonu ərazisində isə avtomobilin aşması
nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.