Bakı yol polisi: Meteoroloji vəziyyətin nəzərə alınmaması yol qəzalarına səbəb olub, bəzi yollarda sıxlıq yaşanır

3 Noyabr 2014 10:43 (UTC+04:00)

Bakıda səhər saatlarında yollardakı və meteoroloji vəziyyətin nəzərə alınmaması səbəbindən iki qəza baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, yol qəzaları cüzi maddi zərərlə nəticələnib.

V.Əsədov bildirib ki, mövcud meteoroloji vəziyyətlə bağlı paytaxtın bəzi yollarında sıxlıq yaşanır. Belə ki, hazırda Babək prospekti, Afiəddin Cəlilov küçəsi, Bakı-Sumqayıt yolundan Tbilisi prospekti istiqamətinə, Koroğlu Rəhimov, Yusif Səfərov küçələri, metronun "Koroğlu" stansiyasının yanından köməkçi yolla şəhər istiqaməti və digər yollarda sıxlıq yaşanır.

Bakı yol polisi bildirir ki, hava şəraiti ilə əlaqədar işıqforlar işləmədiyi halda sürücülər yol nişanlarına uyğun hərəkət etməlidirlər.

Qeyd edək ki, Bakı yol polisi bazar günü gecədən paytaxtda çiskinli və yağmurlu hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

Bildirilib ki, yağışlı və çiskinli hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.

Xatırladaq ki, Azərbaycan sinoptikləri noyabrın 5-dək ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini açıqlayıblar.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yağan yağışlar nəticəsində Bakıda bəzi evləri su basıb.