Səhiyyə Nazirliyindən Azərbaycanda "Ebola" yayılması xəbərinə-Açıqlama

3 Noyabr 2014 18:30 (UTC+04:00)
Səhiyyə Nazirliyi Sumqayıtda "Ebola" virusunun aşkarlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında yazılanların cəfəngiyat olduğunu deyib. O qeyd edib ki, məlum xəbər jurnalist səhvi və qeyri-peşəkarlığının nəticəsidir. A. Qədirlinin sözlərinə görə, ölkə ərazisində "Ebola" virusu aşkarlanmayıb: "Səhiyyə Nazirliyinin "Ebola" virusuna qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı təlimatları var və bunu da respublikanın bütün mərkəzi xəstəxanaları əldə edib. Bu gün ölkədə mövcud vəziyyət stabildir və heç bir hal aşkar edilməyib".

Qeyd edək ki, mediada Sumqayıt şəhərində halının pisləşməsi ilə əlaqədar xəstəxanaya müraciət edən xarici ölkə vətəndaşının "Ebola" virusuna yoluxma ehtimalı ilə əlaqədar nəzarət altına alındığı barədə xəbər yayılıb.