Xarici şirkətlərin gəlişi ilə mənzillər ucuzlaşacaq

4 Noyabr 2014 09:55 (UTC+04:00)

Azərbaycanda tikinti prosesi 5-6 il öncəki kimi intensiv xarakter daşımır. Hazırda 2008-ci ilin tikinti bumundan demək olar ki, əsər-əlamət yoxdur. Bununla belə, proses davam edir. Əslində, bu hal dünya dövlətlərinin böyük əksəriyyəti üçün xasdır. Yaranmış vəziyyətdə bir sıra dünya ölkələrində tikinti sektoruna əcnəbi şirkətlərin cəlb olunması getdikcə daha çox diqqət mərkəzində yer almaqdadır. Elə qonşularımızdan Türkiyə və Rusiyada bu təcrübədən getdikcə daha çox istifadə olunmaqdadır. Məsələn, Rusiyanın özündə tikinti işlərində çoxsaylı türk şirkətləri çalışır. Azərbaycanda isə bu sektorda xarici şirkətlər demək olar ki, yox dərəcəsindədir. Halbuki, onların da prosesdə iştirakı həm yaşayış mənzillərinin tikintisi prosesini sürətləndirər, həm də müəyyən mənada qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Maraqlıdır, bu mənada Azərbaycana da xarici tikinti şirkətlərinin gəlişi üçün hansı addımlar atılmalıdır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı düşünür ki, qanunvericilikdə müəyyən dəyişikliklər etmək vacibdir: "Əslində Azərbaycanda tikintinin intensivləşməsi prosesi müşahidə olunur. Bunu dövlət tərəfindən həyata keçirilən infrastruktur layihələri və konkret mənzil tikintisi istiqamətləri üzrə izah etmək olar. Mənzil tikintisilə bağlı ölkənin hazırda bir neçə ərazisində intensiv şəkildə böyük layihələr olan, kompleks mənzil tikintisi aparılır. Muna misal olaraq, "Ağ şəhər", köhnə 5 nömrəli çörək zavodu ərazisinə yaxın hissədəki "AzQroup" tərəfindən reallaşan "Renesans Palase", Ələtdə Hacı İbrahim Nehrəmli tərəfindən ikilən "Knazar İslands", "Yeni Həyat" şirkətlər Qrupunun Tiflis prospektindəki işini, habelə Xırdalanda "AAAF Park" layihələrini göstərə bilərik. Sadəcə olaraq, vəziyyətin bir qədər dəyişməsi onunla bağlıdır ki, 2007-2008-ci illərdə bazarda daha çox fərdi layihələr üstünlük təşkil edirdisə, bir və ya iki bloklu binalar tikilirdisə, indi rəqabətə davamlı kompleks layihələrin icrası daha çox diqqətdədir. Belə layihələrdə tikinti prosesinə nəzarət məsələsi daha çox kollegial şəkildə həyata keçirilir. Xarici şirkətlərin ölkəmizdəki tikinti prosesinə cəlb olunmamasına gəldikdə, "Ağ şəhər" layihəsində investor axtarışında təşəbbüs olsa da, bu alınmayıb. Ola bilsin, xarici şirkətlərin Azərbayanda tikinti prosesinə maraq göstərməmələrinin başlıca səbəbi tikintilə bağlı mövcud qanunvericiliklə bağlıdır".

Ekspert Rəşad Həsənov rəqabət mühitinin güclənməsi baxımından xarici şirkətlərin Azərbaycan tikinti sektoruna güclü töhfə verə biləcəyini bildirdi: "Azərbaycan tikinti sektorunda imkanlar kifayət qədər genişdir. Xüsusən də, 2002-ci ildən sonra, neft vəsaitlərinin ölkəyə daxil olması bu istiqamətdə bir bumun yaşanmasına gətirib çıxardı. Tələbatın artması da bu istiqamətdə ölkəyə vəsait axınının başlanmasına rəvac verdi. 2002-ci ilə qədər ümumi daxili məhsulda tikinti sektorunun payı 5-6 faiz arasında dəyişirdisə, 2013-cü ildə bu göstərici 11,8 faizə qalxıb. Bu artım həmin istiqamətdə ciddi vəsait axınının olduğunu göstərir. Azərbaycanın bu tikinti potensialı xarici şirkətlərin, xüsusən Türkiyədən olanların da diqqətindən yayınmadı. Azərbaycanın tikinti potensialı kifayət qədərdir. Yasamal, NZS, Sovetski, Xutor adlanan ərazilərin sökülməsilə bağlı qərar və 2030-cu ili hədəfləyən Bakının regional inkişaf layihəsi onu göstərir ki, Abşeron yarımadasında hələ ciddi tikintilərin həyata keçirilməsi prosesi irəlidədir. Belədə, həmin prosesdə xarici şirkətlərin iştirak payının artırılması zəruridir. Güman olunur ki, lisenziyaların verilməsi, sənədlərin alınması sahəsində liberallaşmaya keçidlə xarici şirkətlər Azərbaycanın tikinti sektoruna cəlb olunacaqlar. Ümumiyyətlə götürdükdə, xarici şirkətlərin Azərbaycan tikinti sektorunda iştirakı həm rəqabət mühitini, həm bu istiqamətdə axan investisiyanın həcmini artıracaq, eyni zamanda, Azərbaycan iqtisadiyyatının sürətli böyüməsini təmin edəcək".