"Aşura" günü məscidlərdə dilənçilərin və nəzir qutularının sayı artdı-Reportaj+FOTOLAR

4 Noyabr 2014 14:09 (UTC+04:00)

Hələ saat 9:30 olmasına baxmayaraq artıq Binəqədi kəndinin "Came" məscidinin həyətində adam əlindən tərpənmək olmurdu.  Dəstə-dəstə məscidə axışan insanlar "Aşura" mərsimində iştirak etmək, söylənilən xütbələrə qulaq asmaq üçün məscidin qapısı ağzında növbəyə düzülmüşdülər. Məscidin qadınlara ayrılan hissəsində isə dilənçilərin əlindən tərpənmək olmurdu. Əllərindəki kisələri məscidə axışan insanların qarşısına tutub nəzir istəyən qara çadralı qadınlar demək olar ki, məscidə girmək istəyənlərə imkan vermirdi. Təziyə mərasiminə gələn insanların qarşısını kəsib "yasin" oxumaq üçün pul tələb edən kim, nəzir kimi gətirdikləri şirniyyatlar torbalarını əllərindən alan kim.  "Aşura" günündən "faydalanmaq"istəyən digər dırnaqarası dindarlar isə məscidin giriş qapısına hələ 10 metr qalmış üzərinə qara parça bağlanan nəzir qutularının başının üstünü kəsdirmişdilər. Onlardan biri ilə həmsöhbət olub yığılan nəzirin hansı məqsədlə istifadə olunacağını öyrənməyə çalışsaq da, nəzir qutusuna nəzarət edən şəxs bu barədə açıqlama verməkdən imtina etdi. Müşahidələr də göstərdi ki, bu gün məsciddə təkcə dilənçilərin deyil, nəzir qutularının da sayı artmışdı. Yaranan bu cür vəziyyətə baxmayaraq, "Came" məscidinin axundunun müavini Hacı Əbdul Rza Musayev Movqe.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, məsciddə ictimai asayiş qaydalaraına ciddi nəzarət olunur: "Məscidə gələnlər arasında qan çıxarmaq üçün zəncir istəyənlər olsa da, onlara buna qəti şəkildə icazə verilmədiyi, bu niyyətdə olanlar qanvermə məntəqələrinə istiqamətləndirilib. Məscidə qoyulan nəzir qutularına yığılan vəsait isə imkansız, xəstə insanlara, eləcə də məscidin öz ehtiyacları üçün xərclənir".

Ərazidə ictimai asayişin qorunması üçün məscidə gedən yol post-patrul xidmətinin nəzarətində idi.  Eyni zamanda məscidin ətrafında polislər nəzarət növbə çəkirdi.