Avro Azərbaycanı daha çox ziyana sala bilər

5 Noyabr 2014 07:27 (UTC+04:00)

Artıq bir müddətdir ki, avro dollara nisbətən məzənnəsini itirə-itirə gedir. Hazırda 1 avro 1,24 dollara satılır. Halbuki, bir avro 2-3 ay öncəyə qədər 1,38 dollara bərabər idi. Belə bir vəziyyətdə, avro ilə bağlı gələcək proqnozlar da nikbin sayıla bilməz. Almaniyanın "Deutsche Bank"ın maliyyə analitikləri qarşıdakı 3 ildə avronun daha da zəifləyəcəyini və ciddi məzənnə itkisinə məruz qalacağını açıqlayıblar. Bankın gəldiyi nəticəyə görə, 1 avro 0,95 dollara kimi ucuzlaşacaq. Bu isə o deməkdir ki, yaxın zamanlarda dollar avro ilə müqayisədə daha üstün mövqedə olacaq.

Qeyd edək ki, avronun dollara nisbətən ucuzlaşması Neft Fondunun vəsaitlərinin bir hissəsinin məhz avro ilə saxlanılması baxımından Azərbaycan üçün də maraq kəsb edir. Avro dəyərini itirməyə başlayırsa, bu, Fondun vəsaitləri məsələsində də müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev belə bir situasiyada avronun payını azaltmağı təklif etdi: "Bilirsiniz ki, Neft Fondunun payı əsasən dollar və avroda saxlanılır. Xatırlayırsınızsa, bu yaxınlarda Neft Fondunun hesabatı oldu. Bu zaman məlum oldu ki, məzənnə fərqindən Azərbaycanın itkiləri təxminən 1 milyard dollara yaxındır. Bu itkinin də böyük hissəsi avronun payına düşürdü. Çünki, avro 7 faizə qədər ucuzlaşmışdı. Belədə itkinin hardasa 700 milyon dolları avronun payına düşürdü. Manata münasibətdə müəyyənləşdirəndə təbii ki, belə bir itki yaranır. Bununla belə, ölkənin valyuta strukturunda dollar hakim mövqedədir. Onun həcmi həmişə 50 faizdən çox olub. Fondun digər valyutalar, rubl, lirə, Avstraliya dolları və digər valyutalarla saxladığı vəsaitin həcmi azdır, amma onlar da ucuzlaşanda dollar bahalaşır. Yəni meydançanın bir tərəfində sanki dollar, digər tərəfdə isə digər valyutalar dayanıb. Avronun ucuzlaşması təbii ki, ölkəmizin ehtiyatlarına müəyyən qədər təsir göstərəcək. Nəzərə alaq ki, avronun ucuzlaşması dollara nisbətdə baş verir. Avro ucuzlaşdıqda, dollar təbii ki, bahalaşacaq. Dolların baha olması isə bu itkilərin qarşısını alacaq. Ona görə də, avronun dollarla müqayisədə ucuzlaşmasının Azərbaycanın ehtiyatlarına, o cümlədən avro ilə saxlanılanlara, hər hansı bir təhlükəsinin olacağını gözləmirəm. Düzdür, avronun bu payının azaldılmasına ehtiyac var. Onun əvəzinə prosesə Çin yuanı daxil edilə bilər. Lakin bütün hallarda bu prosesdə ciddi təsir görmürəm".

Ekspert Rəşad Həsənov isə bu istiqamətdə daha aktiv siyasətin həyata keçirilməsi tərəfdarıdır: "Avronun ucuzlaşması Azərbaycanda valyuta ehtiyatlarının azalmasına gətirib çıxara bilər. Valyuta ehtiyatının təxminən 35 faiznin avroda yerləşdirildiyini nəzərə alsaq, burada bir məqama diqqət yetirilməlidir. Avronun ucuzlaşması dolların bahalaşmasına gətirib çıxaran əsas amildir. Bunun nəticəsində avro ilə itirilənlər müəyyən dərəcədə dolların bahalaşması ilə kompensasiya edilir. Ümumiyyətlə götürdükdə, görürük ki, valyuta səbətinin dəyişdirilməsinə ehtiyac yaranıb. Neft Fondu xüsusən bununla bağlı müəyyən addımlar atmalıdır. Eyni zamanda bu addımları atmaq üçün Neft Fondu vəsaitlərinin idarəedilməsi əsasnaməsində müəyyən düzəlişlər edilməlidir. Son dövrlər öz valyutalarını möhkəmləndirmək istiqamətində addım atan dövlətlərin, iqtisadi inkişafı daha parlaq olan və eyni zamanda, hazırda inkişaf etməkdə olan bəzi ölkələrin də valyutalarını bura daxil etmək olar. Hesab edirəm ki, Neft Fondu vəsaitlərin idarə edilməsində daha aktiv siyasət həyata keçirməlidir. Hazırda müəyyən risqlər, təhlükəsizlik, vəsaitlərin qorunması risqləri nəzərə alınaraq Neft Fondu passiv maliyyə siyasəti həyata keçirir. Amma Norveç Neft Fondunun idarə edilməsi təcrübəsi göstərir ki, vəsaitlərin daha aktiv idarəedilməsindən əldə olunan xeyir, bu zaman yaranan risqlərdən daha sürətlə irəli gedir. Bu konteksdən yanaşdıqda, düşünürəm ki, vəsaitlərin sadəcə, müəyyən valyutalarda uzun müddətli yerləşdirilməsi artıq günün tələblərinə uyğun deyil. Azərbaycanın xüsusən Neft Fondu vəsaitlərinin saxladığı ölkələrin iqtisadiyyatında gedən proseslər onu göstərir ki, müəyyən enmə və qalxmalar daim mövcuddur. Bu zaman daha effektiv idarəetmə istənilən yaranmış situasiyada daha gəlirli çıxmaqdan ibarətdir. 2014-cü ilin 3-cü rübünün hesabatlarına baxsaq, görərik ki, Neft Fondunun qızılın qiymətinin aşağı düşməsi, avronun dəyərini itirməsi, Rusiya iqtisadiyyatında baş verənlər daha aktiv, xüsusən də daha çox gəlirliyə yönəlik maliyyə siyasəti həyata keçirməklə, vəsaitlərin idarə olunmasından gələn gəlirliyi artırmağa çalışmalıdır. Norveçdə bu istiqamətdə vəsaitin idarəedilməsindən il ərzində 4 faiz gəlir götürürlər, Azərbaycanda isə bu rəqəm 1 faizdən də aşağıdır. Bu o deməkdir ki, artıq vəsaitlərin idarəolunması strategiyası dəyişdirilməlidir".