Azərbaycanın silah sövdələşmələri Ermənistanı daha çox qorxutmağa başlayıb

5 Noyabr 2014 08:10 (UTC+04:00)

Ermənistan Azərbaycanın hərbi imkanlarını sürətlə genişləndirməsindən getdikcə daha çox əndişə duymaqdadır. Xüsusən də Rusiya ilə imzalanan və dəyəri milyardlarla dollarolan silah sövdələşmələri düşmən ölkədə böyük narahatlığa yol açmaqdadır. İşğalçı ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, Bakı ilə Moskva arasında silah sövdələşməsi hər zaman masa üzərindədir: "Məsələ burasındadır ki, 90-cı illərlə müqayisədə Azərbaycan silah sahəsində ağlasığmaz irəliləyişə nail olub". Köçəryan bu ilin avqustunda təmas xəttində baş verən gərginilk zamanı Azərbaycan ordusunun ölkəsini üstələdiyini də etiraf edib. İndi maraq doğuran odur ki, belə vəziyyətDağlıq Qarabağ münaqişəsinin həllinə hansısa formada təsir göstərəcək?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev qeyd etdi ki, Azərbaycan torpaqlarını azad etmək üçün lazım olan bütün vasitələrdən istifadə etməklə ardıcıl olaraq siyasətini davam etdirəcək: "Azərbaycanla Rusiya arasında silah məsələsindəki əlaqələr indinin məsələsi deyil. Neçə vaxtdır ki, ölkəmizin Rusiya ilə çoxtərəfli əlaqələrində bu məsələlər həmişə olub. Burada dəyişiklik nədən ibarətdir? Vaxtilə, Rusiya Ermənistana böyük həcmdə, 1 milyard dollarlıq silahı havayı verdi. Bizim də ona adekvat reaksiyamız oldu, sözümüzü dedik. Zaman isə bir yerdə dayanmır. Azərbaycan siyasəti də zamana uyğun, ölkənin milli mənafeyindən çıxış edərək taktiki gedişlər edir. İndiki reallıq ayrı cürdür. Azərbaycan bir tərəfdən haqlı olaraq deyir ki, Ermənistan Rusiyanın forpostudur. Bunu hətta ən yüksək səviyyələrdə deyirik. O biri tərəfdən, Azərbaycan Rusiya ilə çoxtərəfli münasibətlər qura bilib. Rusiyanın marağı olmasa, o, bizə tərəf gəlməz. Bunu ilk öncə Rusiyanın maraqlarında axtarmaq lazımdır. Azərbaycanın Rusiya ilə silah məsələsində əməkdaşlığından erməni narahatdırsa, getsin suallarını Moskvaya versin. Hansısa səviyyələrdə verirlər. Amma hansı münasibəti görürlər, onu da erməni rəsmiləri qoy desin. Azərbaycan işi elə qurur ki, Ermənistana forpost da deyə bilirik, onun hamisi olan ölkə ilə də əməkdaşlıq da qura bilirik, o cümlədən silah ticarəti məsələsində. Burada əsas baza prinsipi qarşılıqlı maraqlardır. Bu olmasa, heç bir sövdələşmə baş tuta bilməz. Ermənilərin ölkəmizin Rusiya ilə silah sövdələşməsindən narahat olmasının Dağlıq Qarabağ münaqişəsinə təsiri məsələsinə gəldikdə, Azərbaycan bildirib ki, torpaqlarımızın itirilməsilə heç vaxt barışmayacaq. Hansı yolla olursa-olsun o torpaqlar sahibinə geri qaytarılmalıdır. İndiki şəraitdə danışıqlar gedir və deyirik ki, biz problemin dinc yolla həllinin tərəfdarıyıq. Çünki, Cənubi Qafqazın vacib ölkəsi olaraq, bütövlükdə regionun təhlükəsizliyi üçün də məsuliyyət daşıyırıq. Müharibə isə istər-istəməz təhlükəsizlik üçün böyük təhdiddir. Azərbaycan məsuliyyətini başa düşür. O biri tərəfdən isə Azərbaycan deyir ki, bu təhlükəsizlik üçün bir nömrəli təhdid Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilmək istəməməsidir. Dünya da bunu görsün, anlasın və müvafiq reaksiya versin. Danışıqlar yolu ilə məsələnin cözümündə hansısa işıq varsa, ondan da imtina etmirik".

Politoloq Taleh Əliyev isə düşünür ki, İrəvan rəsmilərinin Azərbaycanın Rusiya ilə silah sövdələşməsindən bu qədər əndişələnməsi başadüşüləndir: "Vaxtilə Ermənistan tərəfinin də Rusiyadan silah alması halları olub. Hətta bir ara İrəvan Moskvadan təmənnasız olaraq 1 milyard dollarlıq silah alıb. Bundan sonrakı dönəmlərdə Azərbaycanın Rusiya, Ukrayna, digər ölkələrdən öz hərbi arsenalını müasirləşdirmək və ölkənin müdafiə qüdrətini gücləndirmək istiqamətində xeyli silah-sursat alması halı baş verdi. Bütün hallarda Azərbaycan tərəfinin aldığı silah-sursat Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi təqdirdə, ölkənin əsaslı üstünlüyünü təmin edəcək".