Sürücülərin işi asanlaşır
4 Noyabr 2014 22:40 (UTC+04:00)
Gələcəkdə parkomatlardan kart vasitəsilə ödəniş
etmək mümkün olacaq.
ANS TV-nin məlumatına görə, müvəqqəti
duracaqlardan istifadəyə görə artıq telefon və elektron kartlarla
da ödəniş etmək mümkün olacaq. Hazırda sürücülərin 80 faizi özləri
parkomatlardan istifadə edə bilirlər. Çətinlik çəkənlərə orada olan
nəzarətçilər kömək edir. Amma elektron kartlarla ödəniş sistemi
tətbiq olunduqdan sonra bu problem də öz həllini tapacaq və heç
kimin nəzarətçilərin köməyinə ehtiyacı qalmayacaq. Hər kəs rahat
pulunu ödəyib maşınını saxlayacaq.
Avtonəqliyyat İdarəsinin əməkdaşı Rüstəm
Həsənəliyev sürücülərin rahat şəkildə kartı vurub pullarını ödəyə
biləcəklərini dedi.
Ekspert Azər Allahverənovun sözlərinə görə, əgər
nömrələrin avtomatik qeydiyyatı aparılarsa o zaman kart sistemi ilə
ödəmə sürücülər üçün sərfəli ola bilər. Amma bu sistem tam halda
tətbiq olunmazsa, müsbət nəticə gözləməyin xeyri
yoxdur.
Həmçinin gələcəkdə kartların balansını elə
parkomatlar vasitəsilə də yoxlamaq mümkün olacaq. Hazırda əsas
çətinlik bəzi sürücülərin ödəniş etməkdən boyun qaçırmalarıdır.
Amma əgər elektron kartlarla ödəmə olarsa, bu cür xoşagəlməz
halların da qarşısı alınar.