Beynəlxalq hüquq yenə işğal olunmuş ərazilərimizdə tapdalanır

5 Noyabr 2014 08:40 (UTC+04:00)

Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda süni məskunlaşdırma siyasətini davam etdirir. Bu dəfə də Laçın rayonunda 28 qaçqın erməni ailəsi yerləşdirilib. Bu barədə işğalçı rejimin Laçın rayonu üzrə "köçürülmə idarəsi"nin rəisi Robert Matevosyan deyib. Onun sözlərinə görə, təkcə Laçın şəhərinin özündə 3 ailə yerləşdirilib.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mediaya bildirib ki, Ermənistanın bu addımı Azərbaycan torpaqlarının ilhaq olunması siyasətini yürüdür: "Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma siyasətinin Ermənistan tərəfindən aparılması 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokolları ilə bilavasitə ziddiyyət təşkil edir. Beynəlxalq humanitar hüquqda işğalçı dövlətin işğal olunmuş ərazidə demoqrafik vəziyətin dəyişdirilməsinə doğru olan addımları və buna görə onun üzərinə düşən məsuliyyət aydın şəkildə müəyyən olunub. Bu baxımdan Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsinə doğru olan addımları təxribatçı xarakter daşıyır və bir daha ona dəlalət edir ki, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının ilhaq olunması siyasətini yürüdür".

"Ermənilər həmişə istənilən məqamdan istifadə edib, işğal etdikləri əraziləri məskunlaşdırmağa çalışıblar". Bu sözləri isə "Mövqe"yə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi: "Dünyada bir münaqişə ocağı yarananda, qaçqınlar ortaya çıxanda hansısa yolla həmin qaçqınları işğal olunmuş ərazilərə yönəltməyə can atırlar. Dünya praktikasında belədir ki, məskunlaşmadan sonra həmin insanların oradan çıxarılması çətin olur. 1990-cı ilin ortalarında ermənilər belə bir fikir ortaya atmışdılar ki, yaxın 10 il ərzində Dağlıq Qarabağın əhalisinin sayını 300 min nəfərə çatdıracaqlar. Amma göründüyü kimi, çatdıra bilmirlər. Ermənistanın şişirdilmiş rəsmi statistikasına görə, Dağlıq Qarabağda yaşayan ermənilən sayı 130 mindən çox deyil. Əslində isə, orada heç 50 mindən artıq insan qalmır".

Akif Nağının sözlərinə görə, beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllilə bağlı təsirli tədbirlər görmədiyi müddət ərzində belə köç prosesləri davam edəcək: "Belə halların qarşısının alınmasının yeganə yolu tərəfimizdən hərbi əməliyyatların başlanılmasıdır. Beynəlxalq təşkilatlar isə hərbi əməliyyatları istəmirlərsə, öz imkanlarından istifadə edib, bu prosesin qarşısını almalıdırlar. Düzdür, beynəlxalq təşkilatlar özləri də dəfələrlə bildiriblər ki, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin dəyişməsi beynəlxalq hüquq normalarına ziddir. Amma beynəlxalq təşkilatlar bunu deməklə kifayətlənirlər. Real addım atılmır. Xüsus ilə Minsk qrupunun həmsədrləri bu məsələ ilə bağlı öz mövqelərini ortaya qoymalıdırlar. Ən azından ATƏT-in, BMT-nin qarşısında məsələ qaldırmalıdır".

"Qarabağ qaziləri" Birliyinin sədri Etimad Əsədov ermənilərin bu hərəkətlərini belə şərh etdi: "Ermənilər işğal olunmuş ərazilərdə bütün dünyanın gözü qarşısında istədiklərini həyata keçirirlər. Ukrayna-Rusiya gərginliyi fonunda Qərbin Rusiyaya olan sanksiyaları birbaşa ondan xəbər verdi ki, hazırda dünyada münaqişələrin həlli ilə bağlı ikili standart hökm sürür. Danışıqların bu qədər uzanmasına səbəb olan Minsk qrupunun fəaliyyətsizliyi də prosesdə rol oynayır. Bundan sonra da Suriyadan gələn erməni ailələrin yerləşdirilməsinə cəhdlər olacaq. Lakin Qarabağ münaqişəsi yenidən müharibə mərhələsinə qədəm qoysa, vəziyyət tamam dəyişəcək".