5 bankın ilin sonunda fəaliyyətini dayandırması gözlənilir

5 Noyabr 2014 09:00 (UTC+04:00)

Problemli kreditlərələ bağlı vəziyyət getdikcə daha kritik xarakter alır. Araşıdrmalar göstərir ki, təkcə sentyabr ayında banklarda problemli kreditlər 34,4 milyon manat artıb. Nəticədə avqustda 938,8 milyon manat olmuş problemli kreditlər sentyabrın sonunda 973,2 milyon manata yüksəlib. Ümumiyyətlə, bu ilin 9 ayında vaxtı keçmiş kreditlərin həcmi 180,4 milyon manat və ya 22,7% artıb. Halbuki, ötən ilin eyni dövründə vaxtı keçmiş kreditlərin həcmi cəmi 46,2 milyon manat artmışdı. Vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 5,5% təşkil edir. Lakin rəsmi dairələr narahatğlığa heç bir əsas görmür.

Bir neçə gün öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu xüsusda bildirmişdi ki, ödəmə vaxtı keçmiş kreditlər banklara problem yaratmır: "Problemli kreditlər banklara problem yaratmır. Çünki banklar belə kreditlərin 80%-i qədər öz gəlirləri hesabına ehtiyat yaradıblar. Problemli kreditlər bankların cəmi kredit portfelinin təxminən 6%-indən azdır. Bu da, başqa ölkələr ilə müqayisədə olduqca aşağıdır".

Hələlik isə bu gedişlə problemli kreditlərin ilin sonunda 1 milyard manatı keçməsi gözlənir. Belə kreditlərin miqdarının artmasını qarşısını almaq üçün hazırda banklardan sosial məsuliyyətin artırılması, onların müştəriyə uyğun məhsul təqdim etməsi, müştərinin istəyindən daha çox onun imkanlarının nəzərə alınmasını tələb edilir. Hesab olunur ki, bu addımlarınəsas məqsədi problemli kreditləri azaltmağa yönəlib. Lakin hələlik istənilən nətijə yoxdur. Bu isə bəzi bankların daah çətin vəziyyətdə qalması ilə nəticələnir. Onlar nizamnamə kapitalını 50 milyon manat çatdırmaqda ciddi çətinliklə üzləşir.

İqtisadçı ekspert Samir Əliyev də bildirir ki, yanvar-sentyabr aylarında bank sektoru üçün maraqlı tendensiyalar müşahidə edilib. O, Mərkəzi Bankın son hesabatının nəticə etibarilə bu il ölkə bankları üçün uğurlu olmadığını deyib: "2014-cü il ölkə bankları üçün heç də uğurlu olmadı. Mərkəzi Bankın ilin əvvəlində atdığı addımlar, o cümlədən Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsini azaltması maliyyə bazarına təsirsiz ötüşmədi. İstehlak kreditləşməsinin artımını məhdudlaşdırmağa yönəlik tədbirlər ciddi nəticələr vermədi. İstehlak kreditlərinin payı artmaqda davam etdi. Əksinə, ölkə üzrə kredit qoyuluşu zəifləməyə başladı. Problemli kreditlərin payı isə getdikcə artmağa başladı. Əmanətlərin faiz dərəcəsinin azalması əmanət bazarının cəlbediciliyini azaltdı və əmanət qoyuluşu azalmağa başladı. Bu prosesə "Bank of Azerbaijan" ASC-nin düşdüyü böhran daha da stimul verdi. Əmanətlərin faiz dərəcəsinin azalması kredit faizlərinə ciddi təsir göstərmədi. Əksinə, bankların qazanclarını artırdı. Təsadüfi deyil ki, bu qazanc ilin əvvəli 3,75% idisə, hazırda 5,32%-ə qalxıb.

İlin bitməsinə 2 ay qalıb. 10-a qədər bank bazarda qalmaq üçün çarpışırlar. Onların təxminən yarısı gələn ili bazarı tərk etmək məcburiyyətində qalacaq. Yenə də hər şey zamandan və aparılan danışıqların nəticəsindən asılı olacaq".

Xatırladaq ki, Elman Rüstəmov bildirmişdi ki, ölkədə 5-6 bank AMB-nin kapitala olan tələbini yerinə yetirməyəcəyi proqnozu var. Bununla belə, E. Rüstəmov bu bankların aktivlərinin ümumi bank aktivlərinin 1%-i ətrafında olduğunu söyləyib. Üstəlik, AMB rəhbəri əlavə edib ki, bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur. E. Rüstəmov bildirib ki, kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: "Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardırlar. Kapital tələbini yerinə yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq. Biz onlar ilə müxtəlif ssenariləri müzakirə edirik, gəlin bu barədə danışmağa tələsməyək".