Növbəli iş intellektual qabiliyyəti azaldır

5 Noyabr 2014 09:41 (UTC+04:00)

Böyük Britaniyadan olan mütəxəssislər bu nəticəyə gəliblər ki, növbəli iş intellekti xeyli aşağı salır. Bu, gecə növbəsində xüsusilə təhlükəlidir, çünki beynin qocalma prosesini sürətləndirir. Məlumdur ki, insanın orqanizmi, təbii olaraq, elə yaranıb ki, məhz gündüz vaxt oyaq qalmalı, gecə vaxtı isə yatmalıdır. İnsanlar növbəli işi dayandırandan sonra beyin funksiyaları bərpa olunsa da, buna 5 il vaxt gedə bilər.

Mütəxəssislər bildirirlər ki, onların əldə etdikləri nəticələr əqli zəiflik kimi sapmaların tədqiqi üçün çox mühüm rol oynaya bilər, çünki bu cür diaqnoz qoyulmuş bir çox pasientlər yuxu pozuntusundan əziyyət çəkilrlər.

Alimlər aldıqları nəticələri 10 il ərzində növbəli işdə işləmiş 3 min adamın iştirakı ilə keçirdikləri eksperimentlər çərçivəsində toplayıblar. Nəhayət, məlum olub ki, bu qədər uzun müddət işləmək baş beynin tam altı il qocalmasına səbəb olub.

Bu prosesi izah etmək o qədər də çətin deyildir, çünki növbəli iş qrafiki insanın vərdiş etdiyi bioloji saata ziddir. Eyni zamanda bu, xərçəng xəstəliyi, həmçinin piylənmə və ürəklə bağlı sağlamlıq problemlərinə də gətirib çıxara bilər.