Bakı internatında dəhşət: uşağı yatdığı yerdə yandırdılar
5 Noyabr 2014 11:00 (UTC+04:00)
Bakıdakı internat məktəbində dəhşətli hadisə baş
verib. İnternatdakı uşaqlardan biri digərini
yandırıb.
Anspress-in məlumatına görə, 11 saylı İnteqrasiya təlimli İnternat
məktəbində baş verib. Surxay adlı uşaq internat
yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırıb. Nəticədə Quluzadə Fateh
Rəfael oğlu qulaq və boyun nayihəsindən ağır yanıq xəsarətləri
alıb. Hər iki uşağın 10 yaşında olduğu
deyilir. Bizə daxil olan məlumata
görə, hadisə 1 həftə əvvəl - 29 oktyabr tarixində axşam 21:30-da
baş verib. Fateh xəstəxanaya aparılmadığından onun yanıqlarına
infeksiya düşüb və açıq yaraya çevrilib. Azərbaycan Uşaq Fondu Bakı şəhər şöbəsinin sədri, hüquq
müdafiəçisi Teymur
Rzayev anspress-ə açıqlamasında
hadisədən xəbərdar olduğunu bildirdi: "Hadisənin səhəri günü, yəni
30 oktyabrda Mülkücahan müəllim mənə zəng
vuraraq dedi ki, internatda uşaq yanıb. Hadisənin axşam növbəsində
törədildiyini bildirdi mənə. Hadisədən xəbər tutan kimi həmkarım,
hüquq müdafiəçisi Nigar
Hüseynqızı ilə birlikdə əvvəlcə
Sabunçu rayon 14-cü Polis Bölməsinə getdik. Orada Yetkinlik yaşına
çatmayanlarla profilaktik şöbəsinin
əməkdaşı Rafiq
İsmayılovla birlikdə İnternata yollandıq.
Sözün düzü, elə hadisə barədə məlumatlandırılmağından Rafiq bəy özü
də təəccübləndi. Biz ora çatanda İnternatın
direktoru Gülnarə
Abdullayeva tək deyildi. Onun
otağında təhsil nazirliyinin uşaq hüquqları müdafiəsi və
deinstitutlaşma idarəsinin əməkdaşı Həbib Kərimov vardı. Belə başa
düşdük ki, hadisə ilə əlaqədar bir araya gəlmişdilər. Biz içəri
daxil olduqdan sonra Quluzadə Fatehin vəziyyəti ilə maraqlandıqda,
hər ikisi belə bir hadisənin baş vermədiyini deyərək, təkzib etdi.
Baş verənləri bizdən gizlətmək istədilər. Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə həmkarım Nigar
xanımla birlikdə sərbəst araşdırma apardıqda məlum oldu ki, 2004-cü
il təvəllüdlü Quluzadə Fateh Rəfael oğlunun yanıq xəsarətləri
alması ilə bağlı heç bir xəstəxanaya və polis bölməsinə məlumat
daxil olmayıb. Ən dəhşətlisi isə bu idi ki, bizə 10 yaşlı uşağın
yatdığı yerdə yandırıldığını dedilər".