Noyabrın 5-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Binəqədi rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) müasir iş şəraiti ilə təmin olunmuş yeni inzibati binasının açılışı olub. Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov davamlı makroiqtisadi tərəqqi tempinə malik ölkəmizdə Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhalinin sosial müdafiəsinin daim güclənməsinə səbəb olduğunu vurğulayıb. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir. Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısının daha da artmaqda olduğunu qeyd edən nazir bildirib ki, təkcə bu ilin ötən dövründə Prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulanlar üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% artırılıb. Həmçinin Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləğində artım 21,6% təşkil edib. Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 129,82 manatdan 137,67 manata yüksəlib.
S.Müslümov diqqətə çatdırıb ki, sosial cəhətdən
həssas əhali qruplarına xidmət edən rayon və şəhər ƏSMM-lərinin
fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm
tədbirlər həyata keçirilməkdədir: "Respublikada sosial rifah
səviyyəsinin yüksəlməsi ilə yanaşı, son vaxtlarda bu mərkəzlərdə
əhaliyə xidmətin şəffaflaşdırılmasına, dövlət yardımlarının
təyinatında ünvanlılıq prinsipinə riayət olunmasına nəzarətin
gücləndirilməsi ünvanlı yardım təyin olunan ailələrin sayının 19,6
faiz azalmasına səbəb olub".
Nazir cari ilin ötən dövründə artıq bir sıra yerli strukturların
yeni, normal iş şəraiti olan binaları istifadəyə verilib. Bu proses
davam etdiriləcək və nazirliyin bütün yerli qurumlarında müasir
tələblərə uyğun iş şəraiti təmin olunacaq: "Müəyyən olunub ki,
hazırda 37 rayon (şəhər) ƏSMM üçün yeni inzibati binanın
tikintisinə ehtiyac var və yaxın illər ərzində bu problemin həlli
təmin olunacaq".
S.Müslümov eyni zamanda aparılan bu işlər zamanı nazirliyin eyni
ərazi üzrə fəaliyyət göstərən qurumlarının bir məkanda yerləşməsinə
də diqqət yetirildiyini qeyd edib: "Bu, nazirliyin yerli
qurumlarının əhaliyə xidmət prosesində birgə əlaqəli, həm də
sistemli fəaliyyətinə, yerlərdə vətəndaşların nazirliyin fəaliyyət
dairəsinə aid məsələlərlə əlaqədar yalnız bir məkana üz tutmasına,
onlara müvafiq xidmətlərin vahid məkanda göstərilməsinə yönəlib. Bu
qurumlardan yalnız bir tələbimiz var: Dövlət qayğısını əhaliyə
qanunvericiliyin tələblərinə uyğun şəkildə, ünvanlılıq və şəffaflıq
prinsipləri əsasında çatdırsınlar, vətəndaşlara daim ləyaqətlə
xidmət göstərsinlər".
Sonra tədbir iştirakçıları mərkəzin əməkdaşlarının normal
fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi, vətəndaşların
müraciətlərinə baxılması üçün yaradılmış şəraitlə tanış olublar.
Müasir texniki avadanlıqlarla və avtomatlaşdırılmış iş yerləri ilə
təmin edilmiş mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün
şüşə arakəsmələrlə əhatə olunmiş bölmələr yaradılıb. Bu da
müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin edilməsinə,
mərkəzə daxil olan hər bir vətəndaşın burada gözləmədən dərhal
qəbul edilərək müraciətlərinə baxılmasına xidmət edir. Mərkəzin
divarlarına vurulmuş lövhələrdə sosial təminat növləri ilə bağlı
qanunvericilikdən çıxarışlar və müvafiq izahatlar, tələb olunan
sənədlərin nümunələri və s. təqdim olunur.
Nazir mərkəzin kollektivinə vətəndaşlara yüksək səviyyədə və şəffaf
şəkildə xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə diqqət və
məsuliyyətlə yanaşılması barədə tapşırıqlarını
verib.
Məlumat üçün bildirək ki, Binəqədi rayon ƏSMM-nin yeni inzibati
binası Bakı şəhəri, Binəqədi rayonu, S. Bəhlulzadə küçəsi 44
ünvanında yerləşir.