Tikinti qurumları nazirliklərdən alınacaq?!

6 Noyabr 2014 07:47 (UTC+04:00)

Məlumat verildiyi kimi, deputat Zahid Oruc Milli Məclisin beş komitəsinin və hökumət üzvlərinin iştirakı ilə 2015-ci il dövlət büdcəsi ilə bağlı aparılan müzakirələr zamanı yeni nazirliyin yaradılması təklifi ilə çıxış edib. Z.Oruc qeyd edib ki, hər nazirlik özünün tikinti qurumunu yaradıb: "Bir məktəbin amortizasiya dövrü 50-60 ilə hesablanmalı olduğu halda həmin məktəb 3-5 ildən sonra əsaslı təmirə dayanır. Elə son günlər yağan yağışlar da məktəblərin durumunu ortaya qoydu. Düşünürəm ki, Azərbaycanda tender üzrə xüsusi bir qurum, ya da Tikinti Nazirliyi yaradılmalıdır. Dövlət bunun şərtlərini müəyyən etməlidir. Tikintini özəl qurumlar apararsa, rəqabət də artar".

Məsələni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli məsələyə belə münasibət bildirib: "Indiki dövrdə dövlət xərcləri, hökumətin saxlanılması xərclərinin azaldılması yolunda düşünmək lazımdır. Hətta bununla bağlı bir neçə dəfə çıxışlar da olub. Bu fonda yeni bir nazirliyin yaradılmasının effektivliyi isə iş prosesindən sonra məlum olacaq. Lakin tikintidə baş verən problemlərin aradan qaldırılması üçün yeni nazirliyə ehtiyac yoxdur. Ondansa, bəzi dövlət qurumlarında olan tikinti idarələrinin və tikintiyə nəzarət funksiyalarının bir yerdə cəmlənməsi, yəni "bir pəncərə" sisteminə keşilməsinə daha məqbul olar. Hazırda tikinti üçün hər hansı bir icazənin alınmasına görə, bir neçə dövlət idarə və nazirliyin razılığı olmalıdır. Onlardan hər hansı birinin razılığı olmadıqda, prosesin reallaşması mümkün deyil. Hökumət tikintiyə daha tez və operativ başlamaqda maraqlı olmalıdır. Bunun üçün də ona icazə məsələsi "bir pəncərə" sistemində birləşdirilməlidir. İki il öncə də bu ideya səslənmişdi. Tikintidə "bir pəncərə" sisteminə keçid daha çox effekt verər, nəinki bu istiqamət üzrə ayrıca bir nazirliyin yaradılması. Bu istiqamət üzrə düşünmək lazımdır. Prosesin sürətli olması və nəzarətin daha ciddi olması üçün idarəetmənin təkmilləşdirilməsi, "bir pəncərə" sisteminin olması daha vacibdir".

Müstəqil ekspert Ramil Osmanlı da ayrıca olaraq Tikinti Nazirliyinin yaradılmasına ehtiyac duymadı: "İstənilən məsələ nəzəri cəhətdən mümkündür. Amma bununla belə, düşünmürəm ki, ayrıca olaraq Tikinti Nazirliyinin yaradılmasına ehtiyac var. Əlavə bir strukturun yaradılması, onun təchizat məsələləri kifayət qədər əlavə vəsait aparan bir məsələdir. Zənnimcə, indiki halda bu məsələnin reallaşması o qədər də uğurlu addım olmazdı. Yeni strukturun saxlanma xərcləri var ki, bu da dövlət büdcəsində əlavə xərclərin yaranmasına gətirib çıxaracaq. Belə bir təkliflə çıxış edənlər ona daha mütərəqqi şəkildə yanaşsalar, daha yaxşı olar. Məsələn, Azərbaycanda Arxitektura və Şəhərsalma Komitəsi adlı nazirlik strukturuna yaxın olan bir qurum var. Özü də kifayət qədər işlək bir qurumdur. Amma təəssüf ki, adının böyük olmasına baxmayaraq, ciddi səlahiyyətləri saxlanılmayıb. Bu qurum daxilində bir sıra struktur və institutlar fəaliyyət göstərir. Zənnimcə, məhz bu qurum tikinti işlərinə nəzarəti həyata keçirə bilər. Təhsil, səhiyyə və ayrı-ayrı digər nazirlik və komitələr tikintilə bağlı tender həyata keçirib bu prosesə nəzarətlə məşğul olmamalıdır. Təhsil Nazirliyi ölkədə təhsilin inkişafı ilə bağlı konsepsiyalar, layihələr işləməlidir. Arxitektura və Şəhərsalma Komitəsin isə tikintilə bağlı tenderlər həyata keçirməklə, burada qalib gələn şirkətin işin icrasına nəzarət edə bilər".