Tıxaclarda partlayış təhlükəsi

6 Noyabr 2014 08:37 (UTC+04:00)

Kiçik avtoqəzaların özündən dəfələrlə böyük olan fəsadları yalnız kinolarda baş vermir. Real həyatda da dəfələrlə olub ki, kiçik avtoqəza oduqca dəhşətli nəticələrə yol açıb. Xüsusən də günün istənilən saatında yollarda üzərində "oddan təhlükəlidir", "propan" sözü yazılmış nəqliyyat vasitəsi şütüyürsə, onların tıxaclarda böyük təhlükəyə yol aça biləcəyi hər kəs tərəfindən nəzərə almalıdır. Bundan öncə də gündəmə gətrilib ki, partlayış təhlükəsi riskini minimuma endirmək üçün həmin nəqliyyat vasitələrinin gündüz saatlarında dolu halda şəhər daxilində hərəkətinə məhdudiyyət qoyulmasına ehtiyac var. Bu məsələ vətəndaşların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin hələlik hansısa dəyişiklik yoxdur.


Musa Qasımlı: "Tıxacda yanacaq, kimyəvi maddələr daşıyan maşın qəza törədərsə, onun çox ağır nəticələri ola bilər"


Daha əvvəl bu məsələni gündəmə gətirmiş millət vəkili, professor Musa Qasımlı "Mövqe"yə açıqlamasında yenidən bu məsələyə münasibət bildirib. Millət vəkili bildirdi ki, indiki dövrdə - avtomobillərin çox olduğu şəraitdə günün günortağı çağı təhlükəli maddələr, yanacaq daşıyan avtomobillərin hərəkət etməsi arzuolunmazdır: "Tıxacda yanacaq, kimyəvi maddələr daşıyan maşın qəza törədərsə, onun çox ağır nəticələri ola bilər. Ona görə də müvafiq icra strukturları bu barədə düşünməlidirlər. Həmin maşınların hərəkətinə şəhər küçələrində nəqliyyatın az hərəkət etdiyi vaxtda icazə verilməlidir. Bu, xüsusən gecə vaxtı ola bilər. Düzdür, yanacaqdoldurma məntəqələrində yanacağa tələb var. Onlara yanacağın çatdırılması vacibdir. Ancaq bütün hallarda bu işlər insanların təhlükəsizliyi nəzərə alınaraq təzimlənsə, daha yaxşıdır".


Ərşad Hüseynov: "Vaxt elə seçilməlidir ki, yanacağın daşınması hərəkətin ən az olduğu vaxtda həyata keçirilsin"


Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov qəzetimizə bildirdi ki, "Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsində təhlükəli yüklər daşıyan nəqliyyat vasitələrinin hərəkət marşrutu və hərəkət qrafiki Dövlət Yol Polisi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyətləri ilə razılaşdırılmalıdır: "Həmin maşınların üzərində xüsusi nişan və təhlükəsizliyi haqda sertifikatı olur. Aidiyyatı qurumlar həmin maşınların hərəkət qrafikinin tıxac vaxtına düşdüyünü bilirlərsə, mövcud qrafikə dəyişiklik etməlidirlər. Ancq yaxşı olardı ki, o avtomobillərin hərəkət marşrutu yaşayış məntəqəsindən keçməsin. İkincisi məsələ vaxtdır. Vaxt elə seçilməlidir ki, yanacağın daşınması hərəkətin ən az olduğu vaxtda həyata keçirilsin. Düzdür, bu qayda bizdə qismən həyata keçirilir. Yəni, yanacaq daşıyan avtomobillər adətən, gecə saatlarında hərəkət edirlər. Lakin bu qaydaları pozanlar da var ki, tıxaclarda belə avtomobillərə rast gəlirik".


Rauf Məmmədov: "Onların hərəkətinə günün pik saatlarında məhdudiyyət qoyula bilər"


Azərbaycan Texniki Universitetinin "Avtomobil nəqliyyatı vasitələri" kafedrasının müəllimi, dosent Rauf Məmmədov "Mövqe"yə bildirdi ki, tək yanacaq daşıyan avtomobillər deyil, yük avtomobilləri də axında maneə yaradır: "Ancaq təbii ki, yanacaq daşıyan maşınlar daha çox təhdid doğurur. Belə maşınlar hazırlanarkən təhlükəsizlik qaydaları nəzərə alınır. Ancaq bütün hallarda hərəkətdə olarkən sürücü təhlükəsizlik tələblərinə maksimum əməl etməlidir. Məsələn, ən xüsusi hallarda belə avtomobillərin Dövlət Yol Polisinin müşayiəti ilə hərəkətinə şərait yaradıla bilər. Eyni zamanda onların hərəkətinə günün pik saatlarında məhdudiyyət qoyula bilər. Həmçinin, xüsusi marşrutla, yolla hərəkət edə bilərlər. Ən yaxşısı odur ki, belə avtomobillər gecə və ya səhər tezdən hərəkəti etsinlər. Yanacaqoldurma məntəqələri ilə neft emalı zavodları arasında elə qrafiklər müəyyən olunmalıdır ki, həmin maşınlar yolun boş olduğu vaxtlarda hərəkət etsinlər. Bunu tənziləmək elə çətin məsələ deyil. Yanacaqdoldurma məntəqələrində boşalma vaxtları əvvəlcədən məlum olan rezervuarlar var. Çünki, gündəlik sərfiyyat təxmini məlumdur. Xüsusi ilə də hazırda ölkəyə avtomobil idxalında sabitləşmə var. Ona uyğun olaraq qrafiki qurmaq olar. Həmçinin, işçiləri gecə çalışan kifayət qədər xidmət növləri var. Bunu da elə tənzimləmək olar".