Ən maraqlı ofis qanunauyğunluqları

6 Noyabr 2014 09:38 (UTC+04:00)

Iş insan həyatının mühüm hissəsidir, çünki biz, ən azı, günümüzün səkkiz saatını orada keçiririk. Və maraqlıdır ki, o, həmçinin yaşayışımızın bir çox sahələri- sağlamlıq, psixologiya, mədəni istirahət və ya hobbi ilə də sıx bağlıdır. Buna baxmayaraq, işlə əlaqədar olan bir çox qanunauyğunluqları biz hətta ağlımıza belə gətirmirik:


Ofisdə nahar etmək bədən üçün ziyanlıdır


Bir çox şirkətlərdə əməkdaşlar işlərini çatdırmaq üçün naharı birbaşa iş yerlərində etmək məcburiyyətində qalırlar. Bu yaxınlarda britaniyalı alimlər müəyyən ediblər ki, müntəzəm olaraq "istehsalatdan ayrılmadan" yemək yeyən adamlar tez-tez piylənmə, avitaminoz və qanda xolesterinin miqdarının çoxluğundan əziyyət çəkirlər.

Mütəxəssislər beş il ərzində 8314 nəfər könüllü işçinin həyat tərzini və sağlamlıq durumunu izləyərək araşdırma aparıblar.

"Biz müəyyən etdik ki, həftədə altı dəfə və daha çox evdən kənarda yemək yeyən iştirakçılarda daha yüksək bədən kütləsinin indeksi və yüksək sıxlıqlı lipoproteinlərin- qanda xolesterinin miqdarını aşağı salan molekulun daha aşağı sıxlığı müşahidə edilib. Onların orqanizmində həmçinin qidalandırcı maddələrin, o cümlədən C VƏ E vitaminlərinin aşağı konsentrasiyası aşkar edilib"- tədqiqatın rəhbəri Aşima Kant bildirib.

Maraqlıdır ki, nəticələr könüllülərin fəstfud və ya daha sağlam qida qəbul etməsindən asılı olmayaraq eyni olub.


Ofisdə musiqi əməyin məhsuldarlığını yaxşılaşdırır


Britaniyalı ekspertlərin daha bir tədqiqatı göstərib ki, iş vaxtı musiqi kompozisiyalarını dinləmək işçilər tərəfindən cari vəzifələrin yerinə yetirilməsinə, o cümlədən onların sürətinə və dəqiqliyinə müsbət təsir göstərir.

Belə ki, əgər könüllülər iş vaxtı musiqi kompozisiyaları dinləyiblərsə, onların 88 faizi daha dəqiq nəticələr göstəriblər. Səksən bir faizi öz işlərini musiqi dinləməyənlərə nisbətən daha tez başa çatdırıblar. Bu zaman əməyin nəticəsinə kompozisiyanın janrı da təsir edib. Məsələn, məlum olub ki, müəyyən fəaliyyət növləri üçün musiqi janrlarının öz optimal variantları vardır. Tutaq ki, vergi bəyannamələrini dolduran vaxt klassik musiqi effektivdir, rəqs musiqiləri isə redaktor və korrektorların işinin effektivliyini yaxşılaşdırır.


"Eksperiment musiqi dinləmək və məhsuldarlıq arasında müsbət asılılıq nümayiş etdirib. Ümumilikdə, o göstərib ki, musiqiyə qulaq asan vaxt on nəfərdən doqquzu öz işinin öhdəsindən daha yaxşı gəlib"- tədqiqatı aparan şirkətin rəhbəri Devid Luis qeyd edib. Luis hesab edir ki, şübhəsiz, tədqiqatın nəticələri işə götürənlər tərəfindən nəzərə alınmalıdır.


Əməkdaşların yarısı işdə yalan danışırlar


Hər ikinci işçi xidməti vəzifələrini yerinə yetirən vaxt, heç olmasa, ömründə bir dəfə yalan danışmalı olub. Rusiya işədüzəltmə şirkətlərindən biri tərəfindən 3439 işçinin iştirakı ilə keçirilmiş araşdırma göstərib ki, əməkdaşların dörd faizi daim, iyirmi doqquz faizi isə müəyyən vaxtlarda yalan danışır. "Ofis yalançı"ları arasında birinci yeri satış sahəsinin əməkdaşları tuturlar. Onlardan sonra top-menecerlər və hüquqşünaslar gəlirlər. İşdə hamıdan az gənc mütəxəssislər, həkimlər, əczaçılar, mühasiblər və maliyyəçilər yalan danışırlar. Yalanın qurbanları isə daha çox şirkət rəhbərləri, iş yoldaşları və ya müştərilər olur.


Işçilərin üçdə biri həmkarlarına istirahət günlərini necə keçirdikləri barədə yalan danışır


Böyük Britaniyanın Travelodge şirkəti tərəfindən 3000 nəfərin iştirakı ilə keçirilmiş rəy sorğusu nəticəsində məlum olub ki, onlardan 1000 nəfərə yaxını iş yoldaşları istirahət günlərini necə keçirdikləri barədə soruşanda psixoloji diskomfort hiss edir və yalan danışmağa üstünlük verirlər. Bu zaman ən geniş yayılmış yalan şənbə günləri dostlarla barda istirahətdən danışmaqdır. Sonra restorandakı uydurma şam yeməyi, kurortda romantik istirahət günləri və ya hansısa sanballı kurslarda məşğul olmaq gəlir. Rəyi soruşulanların əlli dörd faizi tədqiqatçılara etiraf ediblər ki, həftə ərzində elə yorulurlar ki, istirahət günlərinin böyük hissəsini yatağa və ya divana uzanaraq keçirməyə üstünlük verirlər.

"Keçirilmiş istirahət günləri haqqında yalan danışmağa məcbur edən psixoloji vəziyyət indi çox geniş yayılıb. Tendensiya insanların özünü yüksəkstatuslu alfa-kişi və ya qadın hiss etməyə əsaslanır. Insanlar istirahət günləri öz vaxtının çoxunu ev işlərinə, sənədlərdə səliqə-sahman yaratmağa və digər tükənməz işlərə sərf etdiklərini etiraf etmək istəmirlər"- psixoloq Korinn Svit bildirib.