Qaz avtobusları gətirilir
5 Noyabr 2014 18:10 (UTC+04:00)
Azərbaycanda avtomobillərdə yanacaq kimi qazdan
istifadə olunacaq.
ANS TV-nin məlumatına görə, Azərbaycanda benzinə
olan tələbatı tənzimləmək, eyni zamanda ətraf mühitə dəyən zərəri
minimuma endirmək üçün avtomobillərdə qazdan istifadə olunacaq. Bu
məqsədlə bütün ölkə ərazisində qazdoldurma stansiyaları
quraşdırılacaq. Bununla bağlı ARDNŞ-in "Azəriqaz" İstehsalat
Birliyi layihəyə başlayıb.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki,
gələn il Bakıya gətiriləcək avtobuslar qazla işləyəcək. Bununla
əlaqədar gələn il Bakı və Bakı ətrafında 6 yeni stansiya
tikiləcək.
Plana görə, ilbəil bu stansiyaların sayı
artırılacaq və hər 180 kilometrdən qaz stansiyası
olacaq.
Hökumətin bu addımları da təsadüfi deyil. Çünki
Qaradağ Neft-Qaz Emalı və Neft Kimya kompleksində neft emalı
zavodunun tikilməsi vaxtı dəyişib. Qərara alınıb ki, neft emalı
zavodunun tikintisinə kompleksdəki digər müəssisələr kimi 2015-ci
yox, 2023-cü ildə başlansın. Bu zavod 2030-cu ildə işə salınsın.
Ləngimə qərarının səbəbi isə "Şahdəniz-2" və digər iri qaz
layihələrinin də məhz bu komplekslə eyni dövrə təsadüf etməsidir.
Yeni zavod açılana qədər Heydər Əliyev adına neft emalı zavoduna 1
milyard manata yaxın sərmayə yatırılaraq onun gücü ildə 3 milyon
ton benzinə çatdırılacaq.
ARDNŞ-in vitse-prezidenti Tofiq Qəhrəmanovun
sözlərinə görə, tamamlama işləri 2018-ci ilə kim başa çatacaq və
zavod 15 il müddətində fəaliyyət göstərəcək.
Paytaxtdakı digər emal müəssisəsi- "Azərneftyağ"
zavodu isə 2-3 il ərzində tamamilə ləğv ediləcək. Qaradağ
Kompleksinə daxil olan Qaz emalı və kimya zavodları 2020-ci ildə
işə düşməlidir.