Radio və televiziya işçilərinin peşə bayramıdır
6 Noyabr 2014 10:55 (UTC+04:00)
Bu gün Azərbaycanda radio və televiziya
işçilərinin peşə bayramı günüdür. 6 noyabr 1926-cı ildə
Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin
gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş
reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı.
Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də
maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan
xalqının siyasi və mədəni həyatında böyük bir yenilik
idi.
1953-cu ildə Bakı Televiziya Mərkəzinin
tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün
polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü
ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli
təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını
artırmaq üçün isə yeni teleqüllənin tikintisinə isə 1981-ci ildə
start verilib. 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci
ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata
keçirilməyə başlanılıb.
Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat
məbləğində vəsait ayrılıb. Görülən tədbirlər nəticəsində kompleks
ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü
310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136
metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal
hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4
şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə
istiqamətlənib.
Xəzərxəbər-in kollektivi də radio və televiziya
əməkdaşlarını bu peşə bayramı münasibəti ilə təbrik edir, onlara
yaradıcılıq işlərində uğurlar diləyir.