Dərs ili müddəti yenidən artırıla bilər

6 Noyabr 2014 11:15 (UTC+04:00)

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edib. Dəyişikliyə əsasən ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Yeni qərarla dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Deməli uşaqlarımız tətil günlərini çıxmaq şərtilə ilin 170 günü məktəbə gedəcəklər. Nəzərə alsaq ki, 6 günlük qrafiklə işləyən məktəblərimiz də var, onda bu tipli məktəblərdə təhsil alan şagirdlər ilin 206 gününü məktəbə getməli olacaqlar.  Bu qərar hələ təklif kimi səsləndiyi müddətdən müzakirə mövzusuna çevrilmişdi. Valideynlərdən dərs ilinin müddətinin artırılmasının lehinə də olan vardı,əleyhinədə. Əksər qism valideyn hesab edirdi ki, əsas şagirdin məktəbə çox gedib gəlməsi deyil, verilən dərsin keyfiyyətidir.Dərs ilinin müddətinin artırılmasının tədrisin keyfiyyətinə təsir edib-etməyəcəyi çoxlarını düşündürdüyündən, Movqe.az bu suala cavab tapmağa çalışıb. Həmsöhbətimiz əməkdar müəllim Asif Cahangirovdur. A. Cahangirov deyir ki, dəfələrlə dərs ilinin müddətinin az olması ilə bağlı tənqidi fikirlər səsləndirib: "Bizim il ərzində 162-164 dərs günümüzün olması əslində anormal idi. Çünki, dünya təcrübəsində dərs ili müddəti ən azı 175 gündən başlayır 220-240 gündək davam edir. Məsələn, İngiltərədə dər ili müddəti 180-190 gündür. Yaponiyada 220-240, ABŞ-da 185, Avstraliyada,Kanadada, Brazilyada 200 gündür. Ona görə də, dərs ilinin uzadılaraq 170 günə çatdırılması belə azdır. Nəzərə alsaq ki, dünyada tendensiya dərs ilinin daha çox uzadılması ilə davam edir,onda biz də bu xəti seçməliyik".  Əməkdar müəllimin sözlərinə görə, sadaladığım ölkələrdə dərs ili müddətinin uzadılması yay tətil müddətinin qısaldılması yolu ilə həyata keçirilir: "Əksər ölkələrdə tətil müddəti 6 həftədən iki ayadək davam edir. Məsələn yay tətilinin Çində iki aydan ay yarıma, bir ayadək qısaldılması gündəmə gətirilib. Fransa, İngiltərə bu  məsələ üzərində iş aparırdı. Elmi tədqiqatlar göstərir ki, daha uzunmüddətli təhsil, səmərə verir, tədrisin keyfiyyətini artırır. Sözsüz ki, NK-nın bu qərarı Azərbaycanda da, uşaqların təhsilinə müsbət təsir göstərəcək". A. Cahangirov deyir ki, düşünürəm növbəti mərhələdə Azərbaycan dünya təcrübəsinə arxalanaraq, təhsil müddəditinin daha da artırılması üzərində işləri davam etdirəcək. Əməkdar müəllim dərs ili müddətinin uzadılmasını pisləyənləri qınayır: "Bəzi müəllimlər, valideynlər bu qərara narazılıq edir, bunu uşaqların yüklənməsi kimi qələmə verir. Amma, əslində bu çox yalnış, məntiqsiz söz-söhbətlərdir. Bunu pedoqoji fəaliyyəti formal olan müəllim dilə gətirə bilər. O şəxslər, o valideynlər ki, sistemli təhsili adicə məşğuliyyət forması kimi qəbul edirlər. Bu düzgün fikir deyil. Mənim fikrimcə, Təhsil Nazirliyinin bu təklifini və təklif əsasında qəbul edilmiş bu qərarı alqışlamaq lazımdır. Hətta, mənim əlavə təkliflərim də olar, NK-nın qərarına, tətil müddətləri bir qədər azaldılsın. Amma bunu da başa  düşmək lazımdır ki, bu da dövlət bayramlarının müəyyənləşdirilməsi  ilə bağlıdır". A.Cahangirov deyir ki, kurikulumun tətbiqi tələb edir ki, yeni proqramla işlənmiş dərsliklər daha rahat mənimsədilsin. Uşaqlara bunu aşılamaq, mərhələlərlə çatdırılmalıdır ki, səmərə versin. Hansısa fənni 45 dəqiqiəyə yox, mərhələlərlə çatdırılması daha çox səmərə verər. Daha çox vaxt, daha yaxşı mənimsədə bilər prinsipi, tədris keyfyyətinə xidmət edən bir addımdır". Qeyd edək ki, NK-nın yeni qərarı ilə, dərs ili ərzində tətillər . 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr - 29 dekabr və 6 yanvar - 31 may olmaqla iki yarımilə bölünüb. Dərs ili ərzində 6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr - 5 yanvar), 8 gün yaz tətili (17-24 mart) və birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyən edilib. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsil orqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik edilə bilib.  Amma bu dəyişikliklər yeni tədris ilindən tətbiq ediləcək.