Millət vəkilindən yas çadırları ilə bağlı sərt sözlər

6 Noyabr 2014 12:20 (UTC+04:00)

Son vaxtlar yas mərasimlərində israfçılığın qarşısının alınması məsələsi gündəmdə olsa da, hələ də  paytaxtın müxtəlif ərazilərində yas çadırlarının qurulduğunun şahidi olururuq. Bakının müxtəlif yerlərində xeyir-şər çadırlarının yolu kəsməsi halı ilə demək olar ki, çoxumuz qarşılaşmışıq. Çox vaxt belə çadırlar məhəllə daxilində, binaların həyətində və ya arasında qurulsa da, bəzən yer kimi hətta avtomobil yolları seçilir. Hətta bəzən piyadaların keçməsi üçün yarım metrlik məsafə belə saxlanmır. Bu isə sürücü, piyada və sərnişinlərin haqlı narazılığına səbəb olur. Ölkədə keçirilən yas mərasimlərinin tənzimlənməsi üçün hazırda konkret addımlar atılır. Lakin yenə də bütün məsələlər tam şəkildə həllini tapmayıb. Yas çadırlarının harada gəldi qurulması həmin ərazidən istifadə edənlərin narazılığına səbəb olur. Belə bir narazılıqla redaksiyamıza müraciət edən Bakı şəhər sakini Mənzur Məlahət bildirir ki, aidiyyatı qurumlar yas çadırlarının sakinlərə yaratdığı narahatlığa göz yumurlar: " Yas mərasimlərində isravçılığın aradan qaldırılması yaxşı haldır. Amma yas çadırları ilə bağlı problemə diqqət yetirən yoxdur. Əhalinin yaşadığı məhəlli həyətlərdə çadır quruub mərasim keçirirlər. Mollaların mikrafonla dua oxuması, istirahət yerlərinin zəbt edilməsi sakinlərin rahatlığını pozur". Sakinin müraciətində bildirilir ki, həyətlərdə, yollarda quraşdırılan yas çadırları eyni zamanda abadlığı, həyətlərin təmirini korlayır. Mənzil İstismar departamentinin yerli nümayəndələri isə bunu seyr edib yas sahibindən nə isə gözləyir".  Millət vəkili Fazil Mustafa Movqe.az-a açıqlamasında bildirib ki, çox təəssüf ki, bəzi qurumlar ölüyə də, diriyə də biznes mənbəyi kimi yanaşırlar: "Yas çadırlarının insanlarının narahatlığına səbəb olmasından ilk öncə yas sahibləri narahatçılıq keçirməlidirlər. Yas mərasimi düzənləyən insan ölüsünə söydürməməlidir. Ona görə də, əgər istəyirsə insanlar onun dərdinə şərik olsun, bunun üçün müvafiq məkan seçməlidir ki, heç kəs narazı qalmasın. Bu məsələdə islam dövlətlərindən olan İranın təcrübəsi çox yaxşıdır. İnsanlar məsciddə cənazə namazına yığışaraq orada yas sahibinə başsağlığı verib gedirlər. Bunun üçün xüsusi yerlər hazırlamağa ehtiyac qalmır. Çox təəssüf ki, bizdə cəmiyyət şöhrətpərəstlik xəstəliyinə mübtəla olub. İstəyir ki, ölüsünə qurduğu çadırla da seçilsin. Amma başa düşmür ki, insanların yolunu kəsərək, istirahətini pozaraq verdiyi ehsanın ölüyə heç bir xeyiri yoxdur. Bu məsələ ilə həm də bir mədəniyyət formalaşmalıdır. Axı insan insanın yolunu necə kəsə bilər? Ona görə də düşünürəm ki, bu problemin həlli yolu yas çadırlarının yığışdırılmasındadır. Yas sahibinə narahat olan insanlar bir söz demir ki, əzizinin acısını yaşayır. Amma bu o demək deyil ki, başqaları buna görə əziyyət çəkməli, narahat olmalıdırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə bağlı ciddi ölçü götürməlidirlər. Aidiyyatı qurumlar isə yolun ortasında, istirahət parkında çadırın qurulmasına göz yummamalıdırlar".