Həlledici hərbi əməliyyatların başlanılması gözlənilir

7 Noyabr 2014 08:35 (UTC+04:00)

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "leytenant" hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimində çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə məcbur olduğunu bildirib: "Ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə Azərbaycan dövləti münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir".

Nazirin bu çıxışını müharibə anonsu kimi də qiymətləndirmək olar. Son zamanlar ordunun döyüş hazırlığnın tez-tez yoxlanılması, hərbi elitanın cəbhə bölgəsinə intensivləşən səfərləri də bunu deməyə əsas verə bilər. Prosesləri qiymətləndirən hərbi məsələlər üzrə ekspet Üzeyir Cəfərov müdafiə nazirinin belə çıxışını çox təbii hesab bedir: "Torpaqlarımızın 20%-dən artığı illərdir ki, düşmən işğalı altındadır. Ona görə də nazirdən başqa cür çıxış gözləmək düzgün olmazdı. Beynəlxalq qurumlar Ermənistana təzyiq etmirlərsə, problemin yeganə yolu hərbdir. Nazirin çıxışı çox ciddi mesaj oldu. Ona görə ki, beynəlxalq qurumlar ancaq humanitar xarakterli görüşlər keçirir, işlər görürlər. Amma bu görüşlərin heç birinin konkret nəticəsi yoxdur. Nəzərə alaq ki, cari ilin avqust ayının əvvəlində cəbhədə vəziiyət xeyli gərginləşdi, itkilərlə üzləşdik. Düdür, düşmən tərəfininitkiləri daha çox oldu. Bu fonda nazir belə çıxış etməsi tam təbiidir. Həmçinin, leytenant rütbəsi almış gənc zabitlərə də buna hazır olmağı məsləhət görür. Əlbəttə ki, müharibə qərarını nazir təkbaşına vermir. Onun tabe olduğu Ali Baş Komandan var. Amma nazirin ciddi vəzifəli şəxs olaraq bilavasitə borcudur ki, Azərbaycanın real hərbi qüvvəsini döyüşə hazır vəziyyətə gətirsin. Son vaxtlar görülən işlər də bu istiqamətdədir və işlər davam etdirilir. Sözsüz ki, Ermənistan yaxın zamanlarda bu çıxışa reaksiya bildirəcək. Bildirsin. Amma Azərbaycan sonsuzluğa qədər bu məsələni uzada bilməz. Ölkə rəhbəri də çıxışlarında dəfələrlə qeyd edib ki, biz danışıqları danışıqlar xatirinə etmirik və mütləq öz ərazi bütövlüyümüz bərpa edəcəyik. Ermənilər də bunu birdəfəlik başa düşürlər ki, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Hələlik vaxtı uzadırlar. Bu, ATƏT-in Minsk qrupunun bivec fəaliyyəti, Ermənistana təsir göstərməməsi və digər beynəlxalq qurumların bu məsələdə ikili standartlarla çıxış etmələrindəndir. Ancaq bu hadisələr Azərbaycanı müharibə variantına məcbur qoyur. Nazirin bu çıxışı ordu üçün daha bir rəsmi göstərişdir ki, əsgər və zabitlər döyüş hazırlığı ilə bağlı vaxtlarını səmərəli istifadə etsinlər və hazır olsunlar. İndi Azərbaycan Silahlı Qüvvələri kifayət qədər müasir silah və texnika ilə təchiz olunub və proses davam etdirilir. Ona görə də nazirin çıxışı bu anlama gəlir ki, Azərbaycan həmin silahlarından mütləq istifadə edəcək. Biz silah-sursatı parad üçün almırıq. O silahlarlar ərazi bütövlüyümüzün bərpa olunmasında istifadə ediləcək. Nazirin çıxışının əsas qayəsi də odur ki, Azərbaycan mütləq güc amilində istifadə edəcək".

Ekspertin sözlərinə görə, nazirin bu çıxışı həm də o deməkdir ki, Azərbaycan qısa müddətdə ərazilərini işğaldan azad etməyə qadirdir: "Bu, heç kəsə sirr deyil. Bu əməliyyatlar çox uzunmüddtəli olmayacaq. Həmçinin, düşmənə vəziyyətin ciddiliyini başa salmaq üçün qısamüddtəli döyüş əməliyyatları başlaya bilərik. Ondan sonra yəqin ki, düşmən də, beynəlxalq qurumlar da hərəkətə keçəcəklər. Görüləcək işlər buna istiqamətlənib. Azərbaycan beynəlxalq qurumların öz işlərinə ciddi yanaşması üçün hərb yoluna məcburdur. Böyük ehtimalla, bu addımı atacağıq".