Gürcüstanda hakimiyyət böhranı buradakı soydaşlarımız üçün də təhdid yaradır

7 Noyabr 2014 08:54 (UTC+04:00)

Son günlər Gürcüstanda baş verən siyasi olaylar xüsusi diqqət mərkəzində yer almaqdadır. Belə ki, Gürcüstan baş naziri İrakli Qaribaşvili tərəfindən müdafiə naziri İrakli Alasaniyanın istefaya göndərilməsi, ardınca keçmiş nazirin komandasında olan nazirlərdən bəzilərinin istefaya getməsi qonşu ölkədə siyasi böhrana yol açmaq iqtidarındadır. Qeyd edək ki, istefaya göndərilən İ.Alasaniya "Bizim Gürcüstanımız – Azad demokratlar" Partiyasına rəhbərlik edir. Artıq sabiq nazir partiyasının "Gürcü arzusu" koalisiyanı tərk etdiyini açıqlayıb. Nəticədə, koalisiya parlamentdəki 10 deputatı itirib və "Gürcü arzusu" qərarların qəbulu zamanı çətinliklərlə qarşılaşacaq. Alasaniyanın partiyasını təmsil edən xarici işlər naziri Maya Pancikidze və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilinin qəfil istefası Avropa Birliyinin yüksək vəzifəli məmurlarının da narahatlığına səbəb olub. Gürcüstan hökumətinin isə iclasında İrakli Qaribaşvili İrakli Alasaniyanı ağılsız, fırıldaqçı və satqın adlandırıb. Baş nazir Alasaniyanın ölkəyə zərər vurduğunu bildirib. Qarşı tərəf də analoji ittihamlarla çıxış edir. Hazırda burada baş verənlər ölkəmizdə də diqqətlə izlənir. Gürcüstanda xeyli sayda soydaşımız yaşayır və bu ölkə Azərbaycan üçün tranzit ölkə baxımından da önəm daşıyır.

İqtisadçı ekspert Natiq Cəfərli əmindir ki, Gürcüstandakı hakimiyyət böhranının transmilli layihələrə hər hansı bir təsiri olmayacaq, bu layihələr qanuna müvafiq şəkildə fəaliyyətini davam etdirəcək: "Gürcüstandan keçən tranzit marşurutu dövlətlərarası bağlanan müqavilələr əsasında fəaliyyət göstərən layihələrdir. Gürcüstanda hökuməti hansı partiyanın formalaşdırmasından asılı olmayaraq, uzunmüddətli layihələr çərçivəsində bağlanan müqavilələr öz qüvvəsində qalacaq. Gürcüstan ölkəmiz üçün vacib partnyorlardan biridir. Ona görə orada siyasi sabitliyin olması, bəzi xarici qüvvələrin Tiflisə təsir rıçaqlarının azalması Azərbaycan üçün də vacibdir ki, tranzit marşurutlarının təhlükəsizliyi təmin edilsin. Bakı-Tiflis-Ceyhan kəməri üzrə müqavilə imzalanarkən Gürcüstanda Eduard Şevarnadze hakimiyyəti mövcud idi. Amma ardınca Mixail Saakaşvili və sonra Bidzina İvanaşvilinin komandası hakimiyyətə gələndə də tranzitlə bağlı hər hansı problem yaşanmadı. Ona görə düşünmürəm ki, Gürcüstanda baş verən siyasi gərginlik həmin münasibətlərə indi də hansısa formada təsir göstərsin. Tranzit məsələsinə şimaldan bu ölkəyə təzyiq artdığı və ölkədə siyasi gərginliyin gücləndiyi hal təsir edə bilər. Transmilli layihələrdə dünyanın bir çox ölkələri iştirak edir. Ona görə də həmin layihənin heç bir halda dəyişdirilməsi mümkün deyil. Çünki, həmin layihələr uzunmüddətli və dövlətlərin zəmanəti altında olan layihələrdir. Transmilli layihələrdə hər hansı problem yaşayacağımızı düşünmürəm".

"Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, şimaldan əsən külək Gürcüstandakı hakimiyyət boşluğu fonunda aktivləşsə, bu, soydaşlarımızla bağlı da müəyyən təhdidlərin yaradılmasına gətirib çıxara bilər: "Stabil cəmiyyətlərdə hökumətdən istefaları normal qəbul etmək lazımdır. Amma bir məsələni də unutmamalıyıq ki, Qafqaza çox gözlər dikilib. O cümlədən, Gürcüstana şimal və cənubdan təhdidlər var. Orada baş verən böhran siyasi böhran kimi xarakterizə oluna bilər. Koalisiya çat verib. Belə vəziyyətdə, başbilənlər və siyasi hakimiyyət məsuliyyətini dərk edə bilsə, Gürcüstanın stabil olması yolunda daha yaxşı addımlar ata bilərlər. Hər halda buraxılan xətalar Gürcüstandakı hazırki hakimiyyətin lehinə işləmir. Son zamanlar müsəlmanlarla bağlı həyata keçirilən qeyri-normal hərəkətlər, "Borçalı" cəmiyyətinin Gürcüstanda apardığı xoşməramlı layihələri gözü götürməmək və digər faktorlar Tiflis hakimiyyətinin yanlışlığından xəbər verir. Qorxulusu odur ki, Gürcüstandakı son olaylardan rusofillər bəhrələnərək "5-ci kolon"u işə sala bilərlər. Bu vəziyyətdə Moskvanın maraqlarının Gürcüstanda təmin olunması istiqamətində cəhdlər ola bilər. Bu isə Azərbaycanı Türkiyə və Avropaya bağlayan bağın təhdid altında olması deməkdir. Soydaşlarımız da bu böyük bağın içərisindədir. Stabilliyin pozulması fonunda Gürcüstanda yaşayan digər xalqlara hansı təhdidlər olacaqsa, soydaşlarımıza da olacaq. Bizim üçün yaradılan spesifik problemlər isə bir zamanlar haqq-hesab sorulası problemlərdir. Son zamanlar cəmiyyətin özündə müəyyən baryerlərin yaradılması, dini dözümsüzlük kimi məqsədyönlü şəkildə etnik və dini zəmində qarşıdurma yaratmağa hesablanan addımlar kimi dəyərləndirilə bilər. Buna da Gürcüstan hakimiyyəti yol verməməlidir".