Sürücülər yanacağa daha az pul verəcəklər

7 Noyabr 2014 09:26 (UTC+04:00)

Azərbaycanda benzinə olan tələbatı tənzimləmək, eyni zamanda ətraf mühitə dəyən zərəri minimuma endirmək üçün avtomobillərdə qazdan istifadə olunacaq. Bu məqsədlə bütün ölkə ərazisində qazdoldurma stansiyaları quraşdırılacaq. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev gələn il Bakıya gətiriləcək avtobusların da qazla işləyəcəyini bildirib. Bununla əlaqədar gələn il Bakı və Bakı ətrafında 6 yeni stansiya tikiləcək. Artıq ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi müvafiq layihəyə başlayıb. Plana görə, ilbəil bu stansiyaların sayı artırılacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, burada üç maraqlı subyekt var: "Daşıyıcı şirkətlər, cəmiyyət və ölkəni yanacaqla təchiz edən qurumlar aspektindən məsələyə baxmaq olar. Ölkəni yanacaqla təchiz edən qurumlar üçün gözəl təklifdir. Çünki, neftin emalı kifayət qədər mürəkkəb, bahalı prosesdir. Son standartlara uyğun benzin və dizel əldə etmək müasir texnologiyalar tələb edir. Hətta ən azı iki ildən sonra həmin texnologiyalar yenilənməlidir ki, qabaqcıl ölkələrdə tətbiq olunan standartları saxlaya bilək. Ancaq qazın emalına o qədər böyük vəsait xərclənmir. Sadəcə olaraq, təbii qazı təmizləmək, bir az sıxmaq və təhlükəsiz şəraitdə yanacaqdoldurma məntəqələrinə çatdırmaq lazımdır. Sürücülər üçün də onun müsbət cəhəti var. Benzin, dizelə nisbətən qaz yanacağı ucuzdur. Qazın enerji tutumu da yaxşıdır. Ancaq cəmiyyət üçün qaz mühərriki nisbətən təhlükəlidir. Çünki, sıxılmış qaz yüksək diqqət tələb edir. Təhlükəsizliklə bağlı məsələlər yüksək səviyyədə saxlanılmalıdır. Hermetiklik pozularsa, onun söndürülməsi xüsusi şərait tələb edir. Bundan başqa, qazla işləyən mühərriklər atmosferə daha çox karbon qazı buraxır".

Ekspert vurğuladı ki, qaz iki cür olur: "Benzin qazı və adi sıxılmış təbii qaz var. Yəqin ki, benzin qazını nəzərdə tutmayacaqlar. Çünki, benzin qazı emal prosesində əmələ gəlir. Bu, lap təhlükəsizdir. Amma sıxılmış qaz bəzən ona görə ekoloji cəhətdən arzuolunmaz sayılır ki, kaloriliyi az olduğuna görə avtomobilin eyni məsafəni qət etməsi üçün benzinə nisbətən daha çox yanmalıdır. Həmçinin, ətraf mühitə atılan karbon qazı daha çox olur. Ancaq dəm qazı, tüstü, nirtat oksidləri kimi zəhərli maddələr qazda benzinə nisbətən dəfələrlə azdır. Burada iki varinat var. Birinici varinat elə avtomobil zavoddan qaz yanacağı işlədən mühərriklə gəlir. İkinci variant isə benzinlə və dizellə işləyən avtomobillərin qaz mühərrikinə çevrilməsidir. Dizel mühərrikini qaza çevirmək mümkün deyil. Ancaq benzin mühərrikini rekonstruksiya edib, qaz ilə də işlətmək olar. Bu, sürücülər üçün əlavə xərc deməkdir. Çünki, maşınlara əlavə texniki avadanlıq quraşdırılacaq. İkincisi isə hazırda mövcud qanunvericiliyə görə, benzin mühərrikli avtomobili rekonstruksiya edib qazla işlətmək üçün avtomobil DYP-dən təkrar qeydiyyatdan keçməlidir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova "Mövqe"yə açıqlamasında bildirdi ki, ekoloji baxımından tam yanma prosesi təmin edilərsə, qazla işləyən avtomobillərin mühərrikindən çıxan tullantılar minimuma enir: "Maye yanacaq yananda isə tullantıların miqdarı daha çox olur. Yəni, tullantılar baxımından qaz ilə işləyən avtomobillər daha səmərəlidir. Amma yanmanın tam olması üçün xüsusi qurğular olmalıdır. Yəqin ki, müvafiq şirkət tərəfindən həmin qurğular avtomobillərə yerləşdiriləcək".