İzahı olmayan anomaliyalar

7 Noyabr 2014 09:43 (UTC+04:00)

Planetimizdə heç bir fiziki qanunun fəaliyyət göstərmədiyi çoxlu yerlər vardır. Yəni orada vaxtı ölçmək mümkün deyil, flora və fauna, demək olar ki, yoxdur. Bu cür yerlər xalq arasında lənətlənmiş yerlər hesab olunur. Elmdə isə bu, hepatogen yerlər adlanır. Əgər yer insana müsbət təsir göstərirsə, dini mahiyyət daşıyan yerlər, mənfi təsir göstərirsə, geopatogen zonalardır.

Alimlərin fikrincə, bu cür zonalarda yerin dərinliklərindən şüalanan və insan orqanizminə mənfi təsir göstərən enerji vardır. Geopatogen zonalar xətti planetin səthini müxtəlif növ torlar kimi örtür. Bu cür torları çərçivələr vasitəsilə müşahidə etmək olar. Xətləri işıq tərəfə yönəlmiş Hartman torunu izləmək daha asandır. Planetmizdə digər torlar, məsələn, Kuri toru da mövcuddur.

Alimlərin fikrincə, bu cür torlar Yer nüvəsinin kristal strukturu hesabəna yaranır. Bir çox anomal zonalarda, məsələn, pis ruhların, UNO-nun tez-tez müşahidə edildiyi yerlərdə Hartman toru, bir qayda olaraq, güclü deformasiyaya uğrayır və yarılmış vəziyyətdə olur. Amma alimlər bildirirlər ki, məkanın çoxölçülülüyü nəzərə alınarsa, bu yarıq yerləri həmçinin deformasiya kimi də qəbul etmək olar.

Insanın sağlamlığı və hətta həyatı üçün daha çox təhlükəni "düyünlər" adlanan torların kəsimə nöqtələri yaradır. Müsbət düyünlər insana enerji verir, mənfi düyünlər isə, əksinə, onu götürür. Amma həm bu, həm də digəri xoşagəlməz hisslər əmələ gətirir və bir çox xəstəliklərə səbəb olur. Geopatogen zonalar sırasında "Şeytan talası"nı göstərmək olar. Onu həmçinin "Şeytan qəbirstanlığı" da adlandırırlar.

Bu, Tunqus meteoritinin düşdüyü yerdən (Rusiya) təqribən 400 km məsafədə yerləşən geopatogen zonadır və bütün ehtimallara görə, o, meteoritin düşməsi ilə yaranıb. Sözügedən ərazidə daim ətrafdakı bitkilərin inkişafını dayandıran, insanlarda kəskin baş ağrıları və qeyri-iradi olaraq qorxu hissi əmələ gətirən anlaşılmaz şüalanma qeydə alırlar. Burada heyvanlar da olmur. Şahidlərin sözlərinə görə, talada yalnız təsadüfən oraya gedən inəklərin cəsədlərinə rast gəlmək olar.

Quru torpaqda quş və vəhşi heyvanların cəmdəkləri görünür, ağacların budaqları isə, sanki, yanaraq kömürə dönüb. "Şeytan qəbirstanlığı"nda qaçışan itlər qidalanmağı dayandırır, zəifləyir və tezliklə ölürlər.

Svetloyar gölü haqqında da məlumatlar geniş yayılıb. Bura həmişə insanları özünə cəlb edən geopatogen zonadır. Ötən yüzillikdə alimlər arasında gölün dibində ovsunlanmış Kitej-qrad şəhərinin mövcudluğu barədə çox populyar fikirlər olub. Amma ciddi elmi tədqiqatlara yalnız əsrin ortalarında başlanıb. Alimlər əvvəlcə Kiçik Kitejin qazıntılarından başlayıblar və hətta keramika, məişət əşyaları, eləcə də XIII yüzilliyin birinci yarısına aid olan böyükölçülü ocaq yeri də aşkar ediblər.

Beləliklə, alimlər şəhərin Batı xan ordusu tərəfindən dağıdıldığı barədə salnamələrdə göstərilən məlumatı təsdiq edə biliblər. 1959-cu ildə Svetloyara daha bir elmi ekspedisiya göndərilib. Amma o, heç bir uğur əldə edə bilməyib, buna görə də tədqiqat 1968-ci ildə yenidən başlayıb. Və məhz həmin vaxt geoloqlar müəyyən ediblər ki, göl torpaq suları ilə dolmuş yer qabığı çöküntüsüdür. Svetloyar gölünün dibi müxtəlif - 9, 23 və 30 metr dərinliklərdə yerləşən üç terrasdan ibarətdir.

Həmçinin müəyyən olunub ki, onun daha dərin hissəsi təqribən bir min il yarım, ikinci hissəsi 700 il və 400 il əvvəl yaranıb. Ekspedisiya alimləri gölün dibini diqqətlə öyrənsələr də, bütün axtarışılar nəticəsiz qalıb. Alimlər yalnız birinci çıxıntıdakı çoxmetrlik qatdan başı görünən ağacların yuxarı hissələrini aşkar ediblər. Bir ildən sonra Svetloyar tədqiqatı yenidən başlanıb, bu dəfə alimlər öz hədəflərinə çatmaq üçün qalın gil qatından keçməyə imkan verən geolokatordan istifadə etmək qərarına gəliblər. Və onun şimal hissəsindəki ikinci terrasda oval formalı qəribə törəmə aşkar edilib.

Ekspedisiya zamanı insanın əl işinin izləri olan ağac hissələri tapılıb. Bunları qədim möcüzəli şəhərin mövcudluğunu dolayısı ilə sübut edən fakt hesab etmək olarmı? Alimlər buna indi də cavab tapa bilmirlər.

Geopatogen zonaların əksinə olaraq, necə deyərlər, insana müsbət təsir göstərən dini yerlər də vardır. Bu cür yerlərdən biri Şimali Qafqazda yerləşən Razvalka dağıdır. O, dəniz səviyyəsindən cəmi 720 m hündürlükdə yerləşir. Yayda vadidə havanın temperaturu 30 dərəcədən yüksək olan vaxt adıçəkilən dağda temperatur 5-6 dərəcədən yuxarı qalxmır. Burada bir hektar sahədə buz, demək olar ki, ərimir. Bu, dağların təkindən çıxan soyuq hava sayəsində baş verir. Qışda temperatur sıfırdan aşağı düşən vaxt dağın yamaclarında temperatur təqribən +8 dərəcə olur. Və çox maraqlıdır ki, qışda bu dağ yamacları yaşıllaşır və hətta bəzi meyvələr də yetişir.

Alimlər bu fenomeni izah etməyə çalışıblar, xüsusilə dağların təkində nə üçün bu qədər çox boşluqların olduğu və onların soyuq hava ilə dolmadığı barədə suala cavab tapmağa cəhd ediblər.

Müəyyən edilib ki, yayda soyuq hava yarıqlar vasitəsilə xaricə çıxır, onun yerini isə isti hava doldurur, beləliklə, dövretmə baş verir. Bununla belə, hələlik elm dağın sirrini sona kimi öyrənə bilməyib.

Qeyd etmək lazımdır ki, Şimali Qafqazda Razvalka dağı ilə yanaşı, bu cür başqa möcüzəli yerlər də az deyildir. Son bir neçə on il ərzində Elbrus, Maşuk, Beştau və digər dağların üzərində UNO-ların görünməsi adi hala çevrilib. Belə ki, 1989-cu ilin fevralında xeyli insan səmada çoxlu sayda müxtəlif formalı parlaq alovlar görüblər. Məlum olub ki, bu uçuşlar Elbrus dağlarından başlayır.

Bu dağda uzun müddət tədqiqatlar keçirilsə də, orada hələ də insan ayağı dəyməyən çoxlu yerlər vardır. Buna görə də alimlər bildirirlər ki, hətta yadplanetlilərin bazasını tapmaq şansı çox az olsa belə, hər halda oranı diqqətlə yoxlamaq lazımdır.

Ehram kompleksinə bənzəyən Beştau dağı rayonunda isə biri cənub tərəfdən çıxaraq yaşıl işıq saçan, digəri isə qərb tərəfdən çıxaraq mavi işıq saçan iki eyni yastı obyekt müşahidə ediblər.

Obyektlər bir-birinə tərəf hərəkət edib, lakin təqribən 4 km məsafədə dayanıb və onlardan birindən qırmızı kürə ayrılaraq digərinə tərəf- nazik ağ işığın təzahür etdiyi səmtə uçub. Kürə qırmızı rəngdən ağ rəngə çevrilərək böyüyüb və sonra yerə düşüb. Bundan sonra hər iki obyekt gəldikləri istiqamətə geri dönüblər.

Bəzi alimlər bildirirlər ki, yadplanetlilərin zühur etməsində təəccüblü heç nə yoxdur, onlar həqiqətən mövcuddurlar və onların bazalarından biri Beştau dağında yerləşir.

Tədqiqatçılar Sarmış dərəsində gəlmələrin kosmik bazasına bənzər obyekt də aşkar ediblər, onlar orada divarlar üzərində qəribə geyimdə yadplanetlilərə çox oxşayan varlıqların şəkli çəkilmiş qayaüstü rəsmlər görüblər.

Oxşar rəsmlər həmçinin Çin, İspaniya və Fransada da tapılıb. Onlardan bir hissəsi eramızdan 10-15 min il əvvəl çəkilib. Alimlər hələlik bu cür şəkillərin, həmçinin anomal geopatogen və dini yerlərin mahiyyətini izah etməkdə çətinlik çəkirlər. Ona görə də insanlar bu yerlərdə baş verən möcüzələri hələ çox müşahidə edəcək və təəcüblənəcəklər.