Millət vəkili: "Seriallar öyüd-nəsihət səhnələri efirə verə bilməzlər ki, ay gəlin sən belə olmalısan, ay oğul sən də elə?

7 Noyabr 2014 11:40 (UTC+04:00)

 "Azərbaycan teleseriallarına baxarkən öldürmək, atmaq və narkotik satmaq kimi mənfi halları müşahidə edirsən. Televiziyalarda serialların çəkilişi üçün ölkə başçısının sərəncamı ilə vəsait ayrılır. Amma bu seriallarda nələrin təbliğ olunduğuna diqqət yetirilməlidir. Bu seriallarda narkomaniya, cəzaçəkmə müəssisələrindəki "vor zakon"lar və əxlaqsızlıq yuvaları təbliğ olunur".

Bu sözləri 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə səsləndirib.

Ç. Qənizadə bildirib ki, cənab Prezident serialların çəkilməsi üçün humanistlik göstərib: "Amma biz sadaladığımız halların şahidi oluruq. Bu, biabırçılıqdır. Hesab edirəm ki, bunlara nəzarət edən bir qurum lazımdır".
Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə telekanalların serial çəkilişində mövzu sərbəstliyinin olduğunu deyir. T. Dadaşov  bildirib ki, millət vəkilinin toxunduğu mövzu dünən MTRŞ-da müzakirə olunub: "Əlbəttə ki, seriallarda Ç. Qənizadənin toxunduğu məsələlərə həssas yanaşmaq lazımdır. Siqareti, narkomaniyanı, pis vərdişləri təbliğ etmək olmaz. Amma biz bununla bağlı telekanallara hər hansı formada qadağa qoya bilmərik.  Bizim qurum bununla bağlı telekanallara məktub göndərib".

Xatırladaq ki, teleseriallarda pis vərdişlərin təbliğ olunmasına mətbuata açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də toxunub. N.Məhərrəmli bildirib ki, bu məsələ ilə bağlı telekanallara müraciət olunub: "Bununla bağlı hətta Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi də bizə müraciət etmişdi. Yəni, maşında olarkən edilən hərəkətlər mövcud qayda-qanunlara uyğun olmalıdır. Misal üçün, işıqforun qırmızı işığında yolu keçmək olmaz, maşına oturarkən ilk növbədə kəməri bağlamaq lazımdır".

N.Məhərrəmli əlavə edib ki, siqaret çəkməyin də teleseriallarda göstərilməsi yaxşı hal deyil: "Yenə deyirəm, bunlarla bağlı biz telekanallara məktubla müraciət etdik ki, onlar hansı prodakşnla çalışırlarsa, bizim bu barədə tövsiyələrimizi onlara çatdırsınlar. Yəni, biz insanlarda yaxşı vərdişlər yaratmalıyıq, pis vərdişlər formalaşdırmalı deyilik".

Azərbaycan yol polisinin də teleseriallarda yol hərəkəti qaydalarının pozulması hallarının nümayişindən narahat olması məsələnin ciddiliyindən xəbər verir.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev seriallarda, proqramlarda yol hərəkəti qaydalarının pozulması məqamlarının nümayiş etdirilməməsi üçün telekanalların rəhbərlərinə müraciət də ediliyini bildirib: "Teleseriallar çəkilərkən orada yol hərəkəti qaydalarına əməl olunması düzgün təbliğ edilərsə, bunun sürücülərin maariflənməsinə böyük təsiri olar. Türkiyə seriallarında hətta cinayətkar olsa belə, avtomobildə sükan arxasına oturarkən təhlükəsizlik kəmərini bağlayır. Azərbaycanda da televiziyalara müraciət etmişik ki, seriallar, verilişlər yayımlananda bu cür hallara diqqət yetirilsin".

Millət vəkili, Nizami Cəfərov isə deyir ki,telekanalların sifariş verdikləri seriallarda pis vərdişlərin təbliği mövzu seçimi ilə bağlıdır: "İndi gəlin real danışaq. Əgər serialın mövzusu ailə məişət mövzusudursa, serialı çəkən necə bu serialda ideal ailəni canlandırsın? Axı ailələrdə münaqişə də olur, dava-dalaşda. Eləcə də ailə üzvləri arasında narkomaniyaya qurşanan övlad da olur, əxlaqsız yuvalara gedəni də. Seriallar durub öyüd-nəsihət səhnələri efirə verə bilməzlər ki, ay gəlin sən belə olmalısan, ay oğul sən də elə? Bu cür yanaşma da səhvdir. Təbii ki, həyatdan serial çəkən rejissor həyatın hər iki üzünü çəkib göstərməlidir ki, tamaşaçı üçün də maraqlı olsun. Yox əgər istəmiriksə, bu cür səhnələr yer alsın, o zaman serialların mövzusunu dəyişdirmək lazımdır. Tarixi seriallar çəkib tarixə yazmaq lazımdır. Ona görə də, düşünürəm ki, teleseriallarda real həyatın təsvirinə mane olmaq olmaz. Teleserial janr olaraq intriqa yaradacaq janrdır. Burada hadisələrin inkişafında hər şeyi ağ göstərmək də mümkün deyil. Odur ki, artıq serial çəkilişlərində mövzu fərqliliyinə, dünyada siyasi arenada gedən proseslərdən, tarixi hadisələri əks etdirən mövzular çəkilməlidir ki, bu da professional rejissor, aktyorlar tələb edir".