Girovlarımızla yeni görüş
7 Noyabr 2014 13:00 (UTC+04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən
azərbaycanlılara baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə
əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, sayca
6-cı olan başçəkmə noyabrın 5-də baş tutub.
BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan
azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri
üçün məlumat alınıb.
İ. Hüseynova qeyd edib ki, BQXK öz mandatına uyğun
olaraq saxlanılan şəxslərlə görüşləri davam etdirəcək. Komitə
nümayəndəsi deyib ki, BQXK saxlanılan şəxslərin məhkəmə prosesi
barədə şərh vermir və məhkəmədə iştirak etmir: "BQXK məhkəmə
prosesi ilə bağlı məlumat mənbəyi deyil".
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya
vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev
Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən
Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər
Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək
öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn
edilib.