Murmanskda milli-mədəni muxtariyyətlərin təmsilçiləri hakimiyyətin nümayəndələri ilə görüşüblər

7 Noyabr 2014 16:23 (UTC+04:00)

Xalq Birliyi Günü ərəfəsində "Yedinaya Rossiya" Partiyası sədrinin Murmanskdakı Regional İctimai Qəbul otağında Murmansk vilayətinin milli-mədəni muxtariyyətlərinin nümayəndələrinin görüşü keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AzərTAc -a bildirib ki, Azərbaycan, Belarus, Ukrayna, Dağıstan, Litva, Çuvaşiya, yəhudi və alman xalqlarını, habelə Kola yarımadasında yaşayan saamları təmsil edən 13 ictimai qurumun nümayəndələri Zapolyarye ərazisində fəaliyyətlərindən söz açmaq və onları narahat edən müxtəlif məsələləri müzakirə etmək üçün "dəyirmi masa"ya toplaşıblar. Tədbir deklarativ xarakter daşımayıb. Rəngarəng milli kostyumlar və görüş iştirakçılarının hazırladıqları ənənəvi mətbəxin yeməkləri tədbirə milli kolorit və bayram əhval-ruhiyyəsi qatıb.

Rusiya Federasiyasının Murmansk vilayəti qubernatorunun müavini Tatyana Poronova, vilayət və şəhər komitələrinin ictimai təşkilatlar ilə qarşılıqlı fəaliyyət və gənclərin işləri üzrə rəhbərləri Roman Xatseviç və Tatyana Peçkareva milli-mədəni muxtariyyətlərin birliyi günü münasibətilə təbrik ediblər. Görüş iştirakçıları hakimiyyət nümayəndələri və ictimai qəbul otağının rəhbəri ilə mümkün qarşılıqlı fəaliyyət , mədəni-kütləvi tədbirlərin təşkili məsələlərini müzakirə edərək, bir sıra problemlərə və aktual məsələlərə toxunublar.

"Yedinaya Rossiya" Partiyasının sədri Dmitri Medvedevin Murmansk vilayətindəki Regional İctimai Qəbul otağının rəhbəri, Murmansk vilayəti Dumasının deputatı, "Yedinaya Rossiya" fraksiyasının üzvü Yuri Şadrin bayramın tarixi barədə qısa məlumat verərək deyib: "Xalq Birliyi Günü çox mühüm və lazımlı gündür. O, milli həmrəyliyi və mənşəyindən, yaşından, milliyyətindən, siyasi baxışlarından, dinə münasibətindən asılı olmayaraq ölkəmizin hər vətəndaşı üçün birlik ideyasını təcəssüm etdirir. Bu bayramın əhəmiyyəti ildən-ilə artır".

"Yedinaya Rossiya" Partiyası sədrinin Murmanskdakı Regional İctimai Qəbul otağının rəhbəri Murmansk vilayəti ərazisində milli mədəniyyətlərin inkişafına və fəal ictimai fəaliyyətə töhfəsinə görə milli-mədəni muxtariyyətlərin nümayəndələrinə təşəkkür edib. Hər bir ictimai quruma təşəkkür məktubu və xatirə hədiyyələri təqdim olunub.

Milli ictimai təşkilatların nümayəndələri öz fəaliyyətlərindən və yaxın planlarından söz açıblar. Müzakirələrdə həmvətənlərimiz - Murmansk Vilayət İctimai Palatasının üzvü və ÜAK-ın regional bölməsinin sədri Afil Hüseynov və RAGB-ın Murmansk regional bölməsinin sədri Vüsal İbrahimov çıxış ediblər.