Masallıda Bayraq günü qeyd olundu

7 Noyabr 2014 16:24 (UTC+04:00)

Masallının Bayraq meydanında Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi. İ darə, müəssisə və təşkilat təmsilçilərinin, minlərlə rayon sakininin toplaşdığı mərasimdə rayon mədəniyyət evinin aktyoru Cəmaləddin Əliyev bayrağımızı vəsf edən şeirlər söylədi və bütün masallıları əlamətdar gün münasibətilə təbrik etdi.

"Dəfinə" məktəb liseyinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov qeyd etdi ki, üçrəngli milli dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Sovet dövründə o, Azərbaycan SSR-in bayrağı ilə əvəz edilmişdir.

Cümhuriyyət bayrağı rəsmi olaraq Azərbaycan ərazisində Naxçıvan MR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasında ADR-in bayrağı Naxçıvan MR-nın dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusu vermişdir.

1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü ADR-in varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Tədbirdə məktəblılərin və bağça uşaqlarnıın ifasında azərbaycançılığı, dövlətçiliyi, vətənpərvərliyi tərənnüm edən mahnılar, kompozisiyalar səsləndi. Uşaq-yeniyetmələr Azərbaycanın bütün dövlət rəmzləri təsvir olunan Bayraq meydanında dövlət himninin və "Koroğlu" uverturasının sədaları ilə hündürlüyü 34 metr, bayrağının eni 6 metr, uzunluğu 12 metr təşkil edən üçrəngli Azərbaycan bayrağının ətrafında dövrə vurub şənlənmiş, şeirlər demişlər.