İran-Qərb münasibətlərini qaydaya salmaq Azərbaycana həvalə olunacaq…

8 Noyabr 2014 09:48 (UTC+04:00)

Azərbaycanın çoxvektorlu xarici siyasəti onun Ermənistan istisna olmaqla, digər dünya dövlətləri ilə yüksək münasibətlərinin formalaşmasına gətirib çıxarıb. Bu fonda isə yenidən xüsusi diqqət çəkən məqamlardan biri ölkəmizin ziddiyyətdə olan bir sıra dövlətlər arasında vasitəçilik missiyasını yerinə yetirə biləcəyidir. Qeyd olunan məsələ İran rəsmilərindən birinin son açıqlamaları yenidən gündəmə gəlib. Belə ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfərini şərh edərkən İran parlamentinin Tədqiqat Mərkəzinin üzvü Cəlil Cəfəri Azərbaycanın İran və Qərb arasında həm siyasi, həm də nüvə danışıqlarının səmərəliliyini artırmaq, eləcə də enerji sahəsində körpü ola biləcəyini dilə gətirib: "Azərbaycanın həm İran, həm də Qərblə yaxşı münasibətləri var. Hazırda İran və ABŞ arasında nüvə məsələsi üzrə müzakirələr gedir və Azərbaycan tərəflərin mövqelərinin yaxınlaşmasında müstəsna rol oynaya bilər. Çünki bu potensiala malikdir. Bu, həm İrana, həm Azərbaycana, həm də beynəlxalq ictimaiyyətə öz töhfəsini verəcək. Azərbaycanın həm enerji, həm xarici siyasət baxımından, həm də coğrafi baxımdan yerləşdiyi ərazi çox önəmlidir, yalnız İran üçün deyil, Qərb üçün də önəmlidir. Azərbaycan elektrik enerjisi, neft, qaz tranziti baxımından da İran və Qərb ölkələri arasında körpü rolunu oynaya bilər".

Mill Məclisin deputatı, Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov hesab edir ki, Cəlil Cəfərinin sözləri tam reallığı əks etdirir: "Bu, ilk növbədə Azərbaycanın coğrafi, strateji mövqeyindən yaranan amildir. Həm də bu gün Azərbaycanın dünya iqtisadiyyatında, siyasətində İranla Qərb arasında əlaqələndirici tərəf kimi rol oyanmaq iqtidarıdadır. Eyni zamanda onu da nəzərə alaq ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyi proqramında fəal mövqe tutan dövlətlərdən biridir. Azərbaycan Ermənistandan başqa bütün dövlətlərlə əməkdaşlıq, tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır. O cümlədən İranla da həmişə dost münasibətlərimizi saxlamağa çalışmışıq. Buna nail də olmuşuq. İranın bizə qarşı münasibətində də sözdə yox, əməldə dostluq münasibəti gözləyirik. Bunu deməyə haqqımız var. Çünki, İranın uzun illərdir ki, Ermənistana dəstəyi var. Ermənistan dövlətinin yaşaması üçün İran mühüm rol oynayıb. Eyni zamanda Ermənistanda İranın bir çox iqtisadi layihələri həyata keçirilir. Düzdür, biz İranın daxili işinə qarışmırıq. Ancaq biz İrandan Qarabağ məsələsində dostluq müanasibətinin səmimiliyini gözləyirik. Bu istiqamətdə İran prezidentinin ölkəmizə səfərindən də gözləntilərimiz çoxdur. Azərbaycan isə məqsədəuyğun hesab edilərsə, öz imkanları çərçivəsində İran-Qərb münasibətlərinin yaxışlaşmasına öz töhfəsini verməyə həmişə hazırdır".

İran məsələləri üzrə siyasi şərhçi Sədrəddin Soltan bildirir ki, belə söhbətlər birinci dəfə deyil: "Azərbaycan Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşdiyindən, vasitəçi ola bilər. Həm də ölkəmiz neft-qaz layihələrinin keçdiyi məkanlardan biridir. Bu baxımdan Azərbaycanın vasitəçi olma ehtimalı az deyil. Qərbin Rusiyaya qarşı sanksiyaların artacağı ehtimalı çoxdur. Belə bir şəraitdə dünya Rusiyanı əvəzləyəcək neft-qaz partnyoru axtarır. Bilirik ki, noyabrın 24–də İranla Qərb arasında atom nüvə proqramına dair danışıqlar olacaq. ABŞ və İran tərəfləri bu danışıqlarda nəticə əldə olunacağına böyük ehtimal edirlər. Məsələn, ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, İranın dinc məqsədlə atom nüvə proqramına yiyələnmək hüququ var, amma bu, nüvə silahlarının yaranmasına gətirib çıxarmamalıdır. Yaxud da İran deyir ki, tərəflər məsələnin həlli istiqamətində qətiyyət göstərməlidir. Yəni, bu, o deməkdir ki, İran dinc məqsədlə nüvə proqramını inkişaf edirə bilər. Bundan başqa, İran ABŞ və MAQATE üçün müəmmalı qalan nüvə obyektlərini müfəttişlərə göstərə bilər. Həmçinin, ABŞ prezidenti Barak Obamanın İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xameyniyə İŞİD ilə birgə mübarizə ilə bağlı göndərdiyi məktubu göstərə bilərik. Belə yaxınlaşma fonunda təbii ki, Azərbaycan da vasitəçilik missiyasını üzərinə götürə bilər.

Nəzərə alaq ki, İran da neft-qaz hasil, ixrac edən ölkədir. Belə olan təqdirdə, İran üçün Azərbaycandan keçən neft və qaz kəmərlərinə qoşulub Avropaya karbohidrogen daşıyıcıları ixrac etmək daha asandır. Perspektivdə bu məsələ müzakirə oluna bilər. Bu da İrana tətbiq olunan sanksiyalardan və Qərbin Azərbaycanı vasitəçi kimi görməyindən asılıdır. Bundan başqa, İran perspektivdə Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə də qoşula bilər. Bu məsələdə də Azərbaycanın yardımına ehtiyacı var. Bütövlükdə İran üçün Azərbaycan bir nəfəslikdir".