Mərkəzi Bank manatı saxlamağa böyük vəsait xərcləyir
8 Noyabr 2014 22:04 (UTC+04:00)
Rus rublunu sıradan çıxaran proses Azərbaycanın milli pulu üçün də
ciddi təhlükələr vəd edir.
Movqe.az Bizim Yol-a istinadən xəbər verir ki , dolların qlobal
bazarda güclənməsi qonşu Rusiyanın milli valyutasını sürətlə
dəyərsizləşdirib. Dünən birjalarda ABŞ pulunun sentyabr ayından
bəri ən yüksək səviyyəyə qalxması müşahidə edilirdi. Analitiklər
proseslərə 3 amilin təsir göstərdiyini bildirirlər.
Birincisi, Ukraynada silahlı qarşıdurmaların təkrar başlaması
rublun məzənnəsinə sərt təpkilər yaradıb. Artıq il başlayandan bəri
rublun dollara nisbətən dəyəri, dünyanın 30-a yaxın valyutası ilə
müqayisədə 40 faiz ucuzlaşıb. "Bloomberg" Agentliyinin yazdığına
görə, Rusiyanın Mərkəzi Bankı pulun dəyərini sabitləşdirmək üçün
təkcə oktyabr ayında 30 milyard dollar istifadə edib. Artıq Mərkəzi
Bank məhdudiyyət tətbiq edib. Belə ki, valyuta səbətində
intervensiya üçün günə maksimum 350 milyon dollar xərclənməsi
qərara alınıb. Qərara görə, vəsait valyuta səbətində gündəlik 5
sentin alınmasına qədər yönəldiləcək. Bahalaşmanın qalan hissəsi
isə "üzən məzənnə"yə, yəni sərbəst buraxılıb. Artıq Rusiyanın
beynəlxalq rezervləri 24-31 oktyabr tarixinə görə 10,5 milyard
dollar azalaraq 428,6 milyard dollara qədər düşüb.
Mərkəzi Bankın sədr müavini Kseniya Yudayeva bildirib ki, ilin
sonunda stabilliyin yaranması gözlənilir. Dolların bahalaşmasına
təsir göstərən ikinci amil isə Avropa Mərkəzi Bankının sədri Mario
Draghinin avro ilə bağlı daha çox yumşalma siyasəti həyata
keçirəcəkləri barədə açıqlaması olub. Bu açıqlamadan sonra avro
dollara nisbətən son iki ilin ən aşağı səviyyəsinə düşüb. Dünən
beynəlxalq valyuta səbətində 1 ABŞ dollar 1.24 AVRO-ya təklif
edilib. Beynəlxalq valyuta səbətində dolların güclənməsinə təsir
göstərən üçüncü amil isə Cənub Afrika Respublikasının kredit
notlarının kəskin aşağı düşməsi olub. Bu prosesdən sonra CAR-ın
milli valyutası rand son 5 həftədə ən aşağı səviyyəyə enib.
Dünən dollar indeksinin 2008-ci il qlobal maliyyə böhranından sonra
ən yüksək həddi qeydə alınıb. Artıq ilin əvvəlindən dolların
bahalaşmasının Azərbaycan rezervlərinə də təsiri müşahidə
edilməkdədir.
İqtisadçı-ekspertSamir Əliyevin bildirdiyinə görə,
neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III
rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb: "Azalma
beynəlxalq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların
xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon
dollar azalıb. Sentyabr ayı ərzində xarici valyutada olan
aktivlərin həcmi 17,783 milyard dollardan 17,443 milyard dollara
düşüb. Azalma digər maddələr üzrə də olub. SDR (Beynəlxalq Valyuta
Fondunun xüsusi borcalma hüquqları) üzrə göstərici isə 233,19
milyon dollardan 238,29 milyon dollara düşüb.
Güman ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80
dollara yaxınlaşır, dolların isə digər valyutalara nisbətən
bahalaşması ehtiyatlarımıza mənfi təsir göstərəcək".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə,
rəsmi valyuta ehtiyatlarında azalma iyul ayından, beynəlxalq
ehtiyatlarda isə (rəsmi valyuta ehtiyatı+qiymətli kağızlar+qızıl)
avqust ayından etibarən müşahidə olunmağa başlayıb.