Braziliya prezidenti postunda necə qaldı?

10 Noyabr 2014 11:00 (UTC+04:00)

Braziliyada keçirilən prezident seçkisini ölkə tarixində nəticənin əvvəlcədən proqnozlaşdırılması baxımından ən çətin seçki adlandırmaq olar. Movqe.az milli.az-a istinadən xəbər verir ki , namizədlərin topladığı səslər arasında fərq cüzi olub. Sonda seçki hazırkı dövlət başçısı Dilma Ruseffin qələbəsilə bitib. Səsvermənin ikinci turunda onu seçicilərin 51%-dən bir qədər çoxu dəstəkləyib.

Ruseffin seçkidə 7 opponenti var idi. Onlar seçki kampaniyası dövründə öz proqramlarını təqdim etməkdənsə, hazırkı prezidenti tənqid atəşinə tutmaqla məşğul olublar. Dilma Ruseffə gəlincə, o, seçkidə sol-mərkəzçi İşçilər Partiyasını təmsil edirdi. İlk dəfə o, prezident vəzifəsinə 2010-cu ildə seçilib.

Seçkinin ikinci turunda Ruseff senator Aesio Nevesa ilə mübarizə aparırdı. Braziliya Sosial Demokrat Partiyasının namizədi olan Nevesa ölkənin zəngin sinfinin maraqlarını təmsil edirdi. Üstəlik, digər namizəd, Lulanın (Luis İnasio Lula da Silva - İşçilər Partiyasından birinci prezident, 2002-2010-cu illər) hökumətində ətraf mühitin mühafizəsi naziri işləmiş Marina Silva da tərəfdarlarını Nevesaya səs verməyə çağırmışdı.

Lakin bütün bunlara baxmayaraq, Lulanın siyasi varisi minimal fərqlə olsa belə, qələbə qazanmağı bacardı. Bəs, solçuların qələbəsinin səbəbi nədir və onların növbəti 4 illik hakimiyyətləri dövründən nələri gözləmək olar?

Sol mərkəzçi İşçilər Partiyasının qələbəsindən və 2002-ci ildə onun lideri Lula de Silvanın ölkə başçısı seçilməsindən sonra Braziliya Cənubi Amerikaya siyasi sabitlik və iqtisadi inkişaf nümunəsinə çevrilib. Bundan başqa, ölkənin əsas beynəlxalq problemlərin həllindəki rolu da artıb.

Lulanın prezidentliyi dövründən bu tərəfə Braziliya iqtisadi inkişaf templərini durmadan artırır. Bununla yanaşı, Bolsa Familia kimi sosial proqramlar çərçivəsində dövlət tərəfindən aztəminatlı ailələrin, sosial baxımdan aşağı səviyyədə yaşayan vətəndaşları saxlanılmasına on milyonlarla dollar ayrılır. Braziliya xarici investorlar üçün da cəlbedici ölkəyə çevrilib. Onlar Latın Amerikasında bizneslərini inkişaf etdirmək üçün məhz Braziliyanı vacib bazar hesab etməyə başlayıblar. Yerli biznesmenlər və sahibkarlar da iqtisadi və maliyyə imkanlarını genişləndirirlər, bu isə orta sinfin inkişafına əlavə dəstəkdir. Lulanın hakimiyyəti dövrünün daha bir xarakterik cəhəti dövlətin (milli dövlətin) yalnız pul və maliyyə siyasətilə iqtisadiyyatın tənzimlənməsində rolunun artması yox, həm də bir sıra inkişaf etmiş infrastruktur layihələrinin real iqtisadiyyata təsiridir.

İqtisadi çiçəklənmə və hökumətin xüsusilə sadə insanlar arasında populyarlığının yüksək səviyyədə olması ölkənin siyasi landşaftının dəyişməsini, İşçilər Partiyasının hegemonluğunu, müxalifətinsə konkret siyasi qüvvəyə çevrilməsini vəd edirdi.

Beynəlxalq münasibətlər baxımından da Lulanın prezidentliyi dövrünü "qızıl əsr" adlandırmaq olar. Braziliya bu dövrdə IBSA Təşəbbüsü (Hindistan, Braziliya, Cənubi Afrika) çərçivəsində Hindistan və Cənubi Afrika ilə münasibətlər qurub, bu isə öz növbəsində qlobal Cənubun beynəlxalq arenada nüfuzunu xeyli artırıb. Lula diplomatiyasının əsas nailiyyətləri arasında BRHÇCA qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) institusiallaşması, həmçinin Türkiyə ilə birlikdə Fələstin-İsrail münaqişəsinin, İranın nüvə proqramı ilə bağlı problemin həllində vasitəçilik etmək cəhdlərini də göstərmək olar. Bundan başqa, Braziliyanın Cənubi Amerikada UNASUR (Cənubi Amerika xalqları ittifaqı), Merkosur (Cənubi Amerika ümumi bazarı) kimi təşkilatlarda liderlik rolu da artıb.

Dilma Ruseff İşçilər Partiyasının əvvəlki administrasiyasının iqtisadi və beynəlxalq nailiyyətlərini, həmçinin partiya və Pulanın populyarlığının siyasi kapitalını mənimsəyə bilib.

Lakin bütün bunlarla yanaşı, Ruseffin ilk prezidentlik dövrünü qənaətbəxş saymaq olmaz. Prezident beynəlxalq münasibətlərə az diqqət yetirib, əsas gücünü daxili siyasətə yönəldib. Onun ilk prezidentliyi dövründə əsas iqtisadi və siyasi vəziyyət mütəmadi olaraq pisləşib, Braziliyanın beynəlxalq fəallığı azalıb. Hakim partiyadan olan yüksək vəzifəli şəxslərin iştirakı ilə baş verən siyasi qalmaqallar, şəffaflığın olmaması, administrasiyada və bürokratik dairələrdəki korrupsiya, həmçinin inflyasiyanın artması ilə əlaqədar keçirilən sərt etiraz aksiyaları, bir neçə idman tədbirinin təşkilinə (2013-cü ildə Konfederasiya Kuboku, 2014-cü ildə futbol üzrə Dünya Çempionatı), hökumətin legitimliyinin əsaslarına və Braziliyanın beynəlxalq imicinə öz təsirini göstərir.

Son prezident seçkisi Braziliya cəmiyyətində qütbləşmənin dərinləşdiyini, həmçinin İşçilər Partiyasının siyasi sistemdəki mövqelərinin zəiflədiyini göstərir. Əlbəttə, mühafizəkar və ya neoliberal sistemin bərpasını, bu sistemlərə qayıdılacağını gözləmək artıq olardı. Lakin hazırkı dinamikanı nəzərə alsaq, hakim partiyanın əsas siyasi xəttindən qismən imtina edəcəyini proqnozlaşdırmaq mümkündür. Bir neçə il davam edən iqtisadi inkişafdan, milyonlarla insanın orta sinfə qoşulmasından sonra Braziliya ictimaiyyətinin ölkə rəhbərliyinə qarşı irəli sürdüyü tələblərin xarakteri dəyişir. İşçilər Partiyasının hakimiyyətdə olduğu ilk illərdə əsas problem bərabərsizlik, sosial ədalətsizlik idi. Braziliya xalqı bir tərəfdən iqtisadi inkişaf sahəsindəki nailiyyətləri qoruyub saxlamaq istəyirsə, digər yandan o, hakimiyyəti inflyasiyada, işsizliyin artmasında günahlandırır. Bu amillər, əlbəttə ki, gündəlik həyata öz mənfi təsirini göstərir. Amma məsələ bununla bitmir. İnsanlar dövlət strukturlarında effektivliyi, şəffaflığı təmin edəcək "keyfiyyətli islahatlar" tələb edir. Beləliklə, dövlət institutları strukturlarının fundamental rolunun vacibliyi daha çılpaqlığı ilə üzə çıxır.

Eyni "tələblər"i Cənubi Amerikanın digər ölkələrində də müşahidə etmək mümkündür. Misal kimi, Uruqvayı, Kolumbiyanı, Argentinanı göstərmək olar. Deyəsən, Cənubi Amerikada "sosial islahatçılar dövrü" "sosial administratorlar dövrü"nə çevrilir. Amma bu zaman neoliberal baxışlar üstünlük təşkil etmir.

Nəhayət, xarici siyasi problemlər Dilma Ruseffin yeni səlahiyyət dövründə mərkəzi yeri tutmalıdır. Braziliya imicini yeniləməli, beynəlxalq mövcudluğunu genişləndirməli, daha aydın mövqe nümayiş etdirməli, dünya arenasında öz maraqlarını müdafiə etməlidir. Braziliyanın gücünün mənbəyi yaxşı məlumdur. Yüksək iqtisadi inkişafa nail olmuş Braziliya Cənubi Amerikanın regional lideri olmaqla yanaşı, yumşaq gücün çoxsaylı cəlbedici elementlərinə malikdir - mədəni irs və təbii sərvətlər. Bütün bunlara baxmayaraq, son illər Braziliya dünya siyasətində öz mövqelərini itirib. Lulanın prezidentliyi dövründəki fəallıq hökumətin daxili siyasətdə daha ciddi legitimlik qazanmasına kömək edən effektiv siyasətə gözəl nümunədir. Müasir qlobal dünyada xarici siyasət boşuna zaman itkisi və elitanın üstünlüyü deyil. Bu, ictimai siyasətdir. Beynəlxalq münasibətlər və daxili siyasət bir-birilə əlaqəlidir və onların yaxşı və pis nəticələri bir-birinə təsir göstərir.

Bu gün Ruseff üçün beynəlxalq gündəlikdə ən təxirəsalınmaz məsələlər arasında bir neçə problemi sadalamaq olar: Cənubi Amerikada Braziliyanın müsbət lider rolu; ABŞ ilə münasibətlərin yenidən qurulması; demokratik və sülhsevər dövlət kimi, dünya siyasətinə reinteqrasiya.