Bu il Azərbaycanda baş verən yol qəzalarında 951 nəfər ölüb

11 Noyabr 2014 12:09 (UTC+04:00)

Bu il Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin 10 ayı ərzində respublika ərazisində 2212 yol qəzası baş verib. Nəticədə 951 nəfər ölüb, 2227 nəfər yaralanıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 214, ölüm sayı 20, yaralı sayı isə 331 fakt azalıb.

 

Hesabat dövründə sərxoş sürücülər tərəfindən törədilən 50 yol qəzası qeydə alınıb. Nəticədə 25 nəfər ölüb, 59 nəfər yaralanıb.

 

Sürət həddini aşma səbəbindən 637 yol qəzası qeydə alınıb, 330 nəfər ölüb, 517 nəfər yaralanıb.

 

Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 16 yaşına çatmamış 85 uşaq ölüb, 195-i yaralanıb.

 

K. Əliyev hesabat dövründə paytaxtda 761 yol qəzasının baş verdiyini qeyd edib. Bu qəzalarda 266 nəfər ölüb, 744 nəfər yaralanıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtda yol qəza hadisələrinin sayı 85, ölüm sayı 18, yaralı sayı isə 102 fakt azalıb.

Yol qəzası qurbanlarının 85-i uşaqdır