Dağlıq Qarabağda döyüşmək istəməyən erməni gənc həbs olunub

11 Noyabr 2014 14:45 (UTC+04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Dağlıq Qarabağ separatçı rejimi "Yəhova şahidləri" dini icmasının 19 yaşlı üzvü olan Artur Avanesyanı 2,5 il müddətinə azadlıqdan məhrum edib. Movqe.az-ın Apaya istinadən xəbərinə görə, bu barədə "Forum18" xəbər portalı məlumat yayıb. Həmin məlumata görə, A.Avanesyan dini əqidəsini əsas gətirərək, icbari hərbi xidmətdən imtina edib. Bu səbəbdən separatçı rejimin "məhkəməsi" onu 30 ay müddətinə azadlıqdan məhrum edib. Hazırda Şuşada həbsdə olan Avanesyan apelyasiya şikayəti verib və növbəti proses noyabrın 18-də baş tutacaq. Separatçı rejimdən bildiriblər ki, "o cinayətkardır və cəzasını çəkməlidir". Avanesyanın ailəsi isə deyib ki, o, Ermənistan vətəndaşıdır və alternativ mülki xidmət keçmək məqsədilə Ermənistana gedərkən orda həbs olunaraq Dağlıq Qarabağa qaytarılıb. Ermənistanda orduya getmədən alternativ mülki xidmətə icazə verildiyi halda, Avanesyanın həbsini separatçı rejim belə əsaslandırıb: "Dağlıq Qarabağ hərbi vəziyyətdədir və burda hərbi xidmət keçmək məcburidir".