Azərbaycan-Türkiyə hərbi əlaqələri yeni yüksəliş mərhələsində

12 Noyabr 2014 07:46 (UTC+04:00)

Azərbaycan və Türkiyə arasında hərbi müstəvidə əlaqələr intensiv şəkildə inkişaf etməkdədir. Bunu tərəflər arasında birgə keçrilən hərbi təlimlər, yüksəkrütbəli hərbçilərin qarşılıqlı səfərləri də təsdiq edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan hərbçiləri Türkiyədə keçirilən "Mavi Balina-2014" təliminə qatılıblar. Noyabrın 14-dək davam edəcək manevrin məqsədi qatılan qüvvələrə dənizaltı müdafiə və digər hərbi əməliyyatların planlaşdırılması və icrası imkanlarını aşılamaqdır. Bundan əvvəl isə sentyabr ayında ölkəmizdə Azərbaycanla Türkiyə birgə hərbi təlimlərin keçirilmişdi. Məlumdur ki, hərbi əməkdaşlıq tək bununla bitmir. Hər iki ölkənin ali hərbi elitasının qarşılıqlı səfərləri də bu fonda xüsusi diqqət cəlb edir. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı, diviziya generalı Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri də bu müstəvidə böyük diqqət cəlb edir. Dörd gün davam edən səfərin sonuncu günündə Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə oldu. Generalın Azərbaycana işçi səfəri demək olar ki, görünməmiş jestlərlə yadda qaldı: o, müdafiənin ön xəttində, düşmənlə birbaşa təmas xəttində yerləşən bölmələrdə oldu, Ermənistan tərəfindən işğal olunmuş əraziləri döyüş mövqeyindən binoklla müşahidə etdi, elə cəbhə xəttindəcə növbəti dəfə "Türkiyə daima Azərbaycanın yanındadır" mesajını verdi. Bundan başqa "İstiqlal" snayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlandı, nəhayət, əlinə snayper tüfəngini götürərək işğal olunmuş əraziləri bir daha müşahidə etdi. Bui əs bir daha o anlama gəlir ki, müharibə olarsa, Türkiyə Azərbaycanın həmişəki kimi yanında olacaq. Bunu general Aksakallının səfəri də bir daha təsdiqlədi.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, müstəqilliyimizi əldə etdiyimiz gündən bu günə qədər Türkiyə ilə yaxşı əlaqələrimiz olub: "Bu münasibətlər ildən-ilə daha da inkişaf edir. Son vaxtlardakı aktivlik birgə hərbi təlimlər, hərbi və siyasi elitaların qarşılıqlı səfərləri ondan xəbər verir ki, Qarabağ məsələsi Azərbaycan qədər Türkiyəni də narahat edir. Türkiyə NATO-nun aparıcı dövləti kimi Azərbaycana daim dəstək vermək istəyib. Bacardığı maddi və mənəvi dəstəyi göstərir. Türkiyənin Azərbaycanın yanında olması isə ölkəmizə əlavə əminlik verir. Türkiyənin dəstəyi yeni mərhələyə keçib. Yeni mərhələ onan ibarətdir ki, 2001-ci ildən sonra yenidən bu il "Türkiyə şahinləri" Azərbaycan səmasında göründülər. 2001-ci ildən fərqli olaraq bu il "Türkiyə şahinləri" Azərbaycan pilotları ilə bir yerdə uçuşlar həyata keçiriblər. Bu da yeni mərhələdən xəbər verir".

Ekspert əlavə etdi ki, Azərbaycan həm Ermənistanın, həm də şimal qonşumuzun təxribatlarına hazır olmalıdır: "Uunutmamalıyıq ki, Qarabağ münaqişəsinin həlli daha çox Rusiyanın əlindədir. Türkiyə isə siyasi danışıqlarda Rusiya, Fransa ilə məsələnin həllinə çalışır. Bildiyimiz kimi, bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan Fransada oldu, burada münaqişə ilə bağlı fikir mübadiləsi aparıldı.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ola bilsin ki, yaxın zamanlarda aktiv faza başlasın. Türkiyə status-kvonun dəyişməsi üçün Azərbaycana hərtərəfli kömək göstərmək istəyib. İlk dəfə idi ki, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı ölkəyə səfər zamanı döyüş bölgəsinə getdi. Cəbhədə vəziyyətlə yaxından tanış oldu. Türkiyənin yüksək rütbəli hərbiçisinin səfər zamanı cəbhə bölgəsinə getməsi ilk dəfə idi. Yəni, Türkiyə bu proseslərdə aktiv iştirak etmək istəyir. İştirakı isə get-gedə həm kəmiyyət, həm də keyfiyyətcə artır".

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov bildirdi ki, Türkiyənin Cənubi Qafqazda maraqları böyükdür: "Çünki, regionun bir tərəfi Qara dəniz ilə əhatəlidir. Digər tərəfdən isə regionda ona qardaş olan Azərbaycan yerləşir. Eyni zamanda nəzərə alaq ki, Türkiyə NATO ölkəsidir. Türkiyənin regionda atdığı bütün addımlar Qərb və Avropa ilə birgə atılmış addımlar sayılır. Bu gün Türkiyə-Azərbaycan-Gürcüstan üçlüyünün birgə imzalamış olduğu strateji sənədlər mövcuddur. Təbii ki, Rusiya bundan narahat olmaya bilməz. Ona görə də Rusiya Cənubi Qafqazda öz gücünü itirməmək üçün Dağlıq Qarabağ kartından istifadə edir. Bu da öz növbəsində cəbhədə atəşkəsin pozulması və itkilərlə nəticələnir. Hazırda Cənubi Qafqazda siyasi prosesler getdikcə sürətlənib. Qərb vasitəsi ilə Türkiyə burada aktiv rol oynayacaq. Yaxın zamanlarda ümumilikdə regionfa maraqlı siyasi proseslərin şahidi olacağıq".