Azərbaycan müxalifəti mənəvi cəhətdən qocalıb

11 Aprel 2012 12:29 (UTC+04:00)

"Mitinqdə iştirak edənlərin sayının mitinqi təşkil edən partiyaların sayı ilə müqayisə etsək, məlum olar ki, hər partiya aksiyaya orta hesabla 20-30 nəfərdən artıq adam gətirə bilməyib. İctimai Palatada, müxalifətdə təmsil olunan təşkilatların əksəriyyətinin birləşərək təşkil etdikləri mitinqə insanlar dəstək vermədi. Bu amil müxalifətin mitinq taktikasının və mitinq həvəsinin növbəti iflasından başqa bir şey deyil". Bu fikirləri hakim partiyanın rəsmi saytına açıqlamasında YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Əhmədov bildirib ki, bu hadisə Azərbaycan vətəndaşlarının müxalifətə və onun mitinq istəklərinə tamamilə biganə yanaşmasının ifadəsidir.

Cəmiyyətimizin ötən illər ərzində dəfələrlə müxalifəti dəstəkləmədiyini bəyan etdiyini xatırladan Əhmədovun fikrincə, Azərbaycan cəmiyyəti son mitinqə münasibətini ifadə etməklə müxalifəti dəstəkləmədiyini, ondan hər hansı fayda gözləmədiyini daha aydın şəkildə ifadə edib.

"Bundan aydın şəkildə Azərbaycan cəmiyyəti, vətəndaşlarımız müxalifəti dəstəkləmədiyini, ona inanmadığını daha hansı formada bəyan etməlidir? Müxalifət bir ay əvvəl böyük kampaniya aparıb aprelin 8-də mitinq keçirmək istəyini ortaya qoymuşdu. Amma nəticə göz qabağındadır. Hesab edirəm ki, müxalifətin təşkilatçılığı altında kütləvi mitinqlərin keçirilməsi ehtimalı sıfıra bərabərdir. Proseslər göstərir ki, əgər bundan sonra müxalifət yenə də mitinq keçirmək cəhdində bulunsa nəticə fərqli olmayacaq, əksinə, onlar üçün daha acınacaqlı olacaq" - deyə YAP sədrinin müavini vurğulayıb.

Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaşları bu gün həyatından, güzəranlarından məmnundurlar. Onun fikrincə, insanlarımız ölkəmizin həyatında, iqtisadiyyatında baş verən dəyişikliklərin faydasını görürlər.

"Bu, mücərrəd sözlər deyil, hər bir vətəndaşın həyatında ölkəmizin inkişafının nəticələri öz əksini tapır. Təbii olaraq, bunun müqabilində müxalifət Azərbaycan vətəndaşlarının diqqətini cəlb edə biləcək nəsə vəd edə bilmir. Buna görə də, insanlar müxalifətin arxasınca getmir və getməyəcək. Ən azı indiki müxalifətin timsalında Azərbaycanda az-çox əhəmiyyəti olan hər hansı siyasi prosesin baş verməsi qeyri-mümkündür. Azərbaycan müxalifəti mənəvi cəhətdən qocalıb. Cəmiyyətimiz isə gəncləşir, inkişaf edir. Ona görə də cəmiyyətlə mənəvi cəhətdən qocalmış müxalifət arasında çox böyük ziddiyyət yaranıb. Müxalifət bu ziddiyyəti dərk edə bilmir, özünün qocaldığını başa düşmək istəmir. Bütün bunlara rəğmən belə müxalifəti Azərbaycan cəmiyyətinin dəstəkləməsi qeyri-mümkündür"- deyə deyə YAP sədrinin müavini vurğulayıb.