Azərbayacana daha bir qorxulu virus təhlükəsi

12 Noyabr 2014 11:00 (UTC+04:00)

Qərbi Avropada Ebola virusu ilə yanaşı daha bir epidemiya həyəcanı yaşanır. Legionelyoz adlı bu xəstəlik pnevmaniyanın ağırlaşmış formasıdır. Bu xəstəlikdən artıq 4 nəfərin öldüyü, 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyi xəbəri verilir. Qeyd edək ki, Azərbaycandan Avropaya gediş-gəliş intensiv olduğundan, yayılan bu virusun ölkəmizə keçmə təhlükəsi də realdır. Azərbaycan Səhiyyə Nazirliyindən isə hələki Ümümdünya Səhiyyə Təşkilatının bu  barədə Azərbaycana xəbərdarlıq etmədiyini bildiriblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, Azərbaycanda Səhiyyə Nazirliyinin kompyuter sistemi ÜST-ün sisteminə qoşuludu: " ÜST-dən hər hansı xəbərdarlıq siqnalı etdikdə, Azərbaycan Səhiyyə Nazirliyi bundan xəbər tutur və ÜST-ün tövsiyyəsinə əsasən addım atılır. Hələki ÜST-dən bu virusla bağlı narahatçılığı ifadə edən tövsiyə verilməyib. Dünya Səhiyyə Təşkilatı tərəfindən hər hansı xəstəliklə bağlı sərhədləri bağlamaq lazım olduğu bildirildikdə, bu addım atıla bilər".

Amma bununla belə, A. Qədirli Azərbaycanda Səhiyyə Nazirliyinin ölkəmizə hər hansı təhlükəli virusun daxil olmasının qarşısını almaq üçün tədbirli olduğunu bildirib".

Xatırladaq ki, Portuqaliyanın Səhiyyə Nazirliyi bundan əvvəl Legionelyoz xəstəliyindən bir nəfərin öldüyünü təsdiqləyib. İlk yoluxma halları ötən həftə cümə axşamı qeydə alınıb. İnfeksiyanın mənbəyi hələ ki müəyyən olunmayıb. Adı çəkilən xəstəliyə 1976-cı ildə Filadelfiyada Amerikan Legionu adlı yürüşdə kütləvi yoluxmadan sonra Legion xəstəliyi adı verilib. Legionelyoz infeksiyasına yoluxmuş xəstələrdə adətən qızdırma, ümumi intoksikasiya, ağ ciyər, mərkəzi sinir sistemi və həzm sistemi pozuntuları, bəzi hallarda poliorqan çatışmazlığı sindromu müşahidə olunur. Legionella bakteriyasının yaratdığı bu xəstəlik, insandan insana birbaşa keçməsə də, bakteriyanın daşıyan su damcılarının tənəffüs yoluna getməsi ilə xəstəliyə tutulma riski artır.