Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Avstraliyanın milli parklarında ətraf mühit və biomüxtəlifliyin qorunması işləri ilə tanış olub - FOTO
12 Noyabr 2014 11:45 (UTC+04:00)
Avstraliyada səfərdə olan Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq
Dialoq) İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla
Əliyeva ətraf mühitin və
biomüxtəlifliyin qorunması sahəsində bir sıra görüşlər
keçirib.
Movqe.az xəbər verir ki, bu ölkənin bir sıra
məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın
zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub. Heyvanların
artırılma mərkəzlərinə baş çəkən Leyla Əliyevaya yox olma təhlükəsi
ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq edilən
metodlar, bu heyvanların sayının artırılması vasitələri, həmçinin
bu sahədəki qabaqcıl texnologiyalar barədə geniş məlumat
verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar barədə, eyni
zamanda, bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai
Birliyi tərəfindən görülən tədbirlər haqqında məlumat
verib.
Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların
qorunması istiqamətində bir sıra beynəlxalq təşkilatlarla da birgə
iş aparıldığını bildirən Leyla Əliyeva bu heyvanların və
biomüxtəlifliyin mühafizəsi sahəsində Azərbaycan ilə Avstraliya
arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib.