İlham Əliyev: "Bu gün beynəlxalq və Avropa bazarlarına çıxardığımız enerji ehtiyatları əlbəttə ki, ölkəmiz üçün gələcəkdə əlavə imkanlar yaradacaqdır"
12 Noyabr 2014 12:30 (UTC+04:00)
Movqe.az Azərtac İnformasiya agentliyinə istinadən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştdə
Macarıstan Milli Televiziyasının müxbiri Bolaş İmreyə müsahibəni
təqdim edir.
- Əvvəlcə, bizə müsahibə verdiyiniz üçün Sizə
təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Cənubi Qafqaz
regionunda ən güclü və dinamik iqtisadiyyata malik olan ölkəyə
çevrilib. Bu, necə baş verdi?
- Əslində, son on il ərzində Azərbaycan
əhəmiyyətli iqtisadi inkişaf dövrünü yaşamışdır. Bu gün Azərbaycan
Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan ölkədir.
Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında
75 faizdən artıq paya malikdir. Biz çoxsaylı iqtisadi islahatlar
həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika
şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların
yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl
islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz
aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə
iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi. Bu gün biz
enerjidən heç vaxt olmadığı kimi az asılıyıq və ümumi daxili
məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir.
Həmçinin beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu
yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan
iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri
tutmuşdur. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir.
Maliyyə vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun
təqribən 8 faizini təşkil edir. Biz, həmçinin işsizliyin və
yoxsulluğun çox aşağı səviyyəyə - təqribən 5 faizə qədər
azaldılmasına nail olmuşuq. Bizim yaxşı perspektivlərimiz var,
çünki iqtisadiyyat dinamikdir və vəziyyət sabitdir. Üstəgəl bizim
bu gün beynəlxalq və Avropa bazarlarına çıxardığımız enerji
ehtiyatları əlbəttə ki, ölkəmiz üçün gələcəkdə əlavə imkanlar
yaradacaqdır.
- Azərbaycan Avropa İttifaqına üzv olan bir çox
dövlətlərlə strateji sazişlər imzalamışdır. Siz Macarıstanla da
belə bir razılaşma imzalamağa hazırlaşırsınız... Azərbaycan bu
ölkələrə nə verə bilər?
- Bir neçə dəqiqə bundan əvvəl biz Baş nazir
Viktor Orban ilə Macarıstan və Azərbaycan arasında strateji
tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Sizin də qeyd
etdiyiniz kimi, Avropa İttifaqının bəzi üzvləri ilə də oxşar
sənədləri imzalamışıq. Bu gün Macarıstan ilə bu sənədi imzalamışıq.
Bu, bizim niyyətlərimizi, eləcə də əməkdaşlığımızın səviyyəsini
nümayiş etdirən tarixi bir sənəddir. Bu gün Macarıstan və
Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu sənəd bir çox sahələri
- siyasi, iqtisadi, enerji, mədəniyyət və investisiya sahələrini
əhatə edir. Düşünürəm ki, bu cür münasibətlər və sənədlər Avropa
İttifaqı ilə Azərbaycan arasında gələcək potensial sazişin əsasını
təşkil etməlidir. Biz bu ideyanı neçə illərdir ki, təbliğ etdik.
Mən Avropa təşkilatlarının və Avropa İttifaqının rəhbərləri ilə
olan təmaslarımda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji
tərəfdaşlıq sazişinin əhəmiyyətini dəfələrlə qeyd etmişəm. Çünki
enerji, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələr, siyasi
əlaqələr - bütün bunlar strateji əməkdaşlıq üçün əsas təşkil edir.
Hesab edirəm ki, bizim Macarıstan və Avropa İttifaqının digər dost
ölkələri ilə ikitərəfli əlaqələrimiz gələcək əməkdaşlıq üçün yaxşı,
möhkəm zəmindir. Biz Avropa İttifaqına yaxın olmaq istəyirik.
Avropa İttifaqı öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən
yaxşı təcrübəsini əks etdirir. Avropa İttifaqının standartlarına
müvafiq yüksək həmrəylik səviyyəsinə çatmaq üçün hər bir ölkə cəhd
etməlidir, o cümlədən də Azərbaycan. Buna görə də bizim Avropa
İttifaqı ilə münasibətlərimiz praqmatik yanaşmaya əsaslanmalıdır.
Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən
sahələr hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə
necə olacağıq, hansı çağırışlar var? Düşünürəm ki, bu, irəliləmək
üçün ən yaxşı yoldur. Strateji maraq, enerji təhlükəsizliyi, siyasi
və regional təhlükəsizlik bir-biri ilə bağlıdır.
- Siz Avropa üçün vacib məsələ olan enerji
təhlükəsizliyini də qeyd etdiniz. Gələcəyin enerji təhlükəsizliyinə
Azərbaycanın daxil olması nə üçün vacibdir?
- Əlbəttə ki, Avropa təşkilatları ilə
münasibətlərimizdə enerji təhlükəsizliyi əsas prioritet təşkil
edəcəkdir, lakin biz bununla kifayətlənmirik. Azərbaycan artıq öz
investisiyaları ilə Avropa bazarına daxil olur. Biz indi təkcə
Azərbaycana yox, həm də xaricə sərmayələr yatıraraq investisiya
portfelimizi şaxələndiririk. Azərbaycan artıq Avropa İttifaqının
bəzi üzv ölkələrinə yüz milyonlarla avro məbləğində investisiya
yatırmışdır. Bu proses davam edəcəkdir. Biz Avropa İttifaqı və
Azərbaycan arasında biznesin sadələşdirilməsi üzrə çox vacib saziş
imzalamışıq. Bu, bizim iş adamlarına və avropalılara bir-birilərinə
daha asan çıxışı təmin edəcəkdir. Bu isə öz növbəsində xalqlar
arasında əlaqələri gücləndirəcək. Çünki xalqlar arasında əlaqələr
olmadan istənilən siyasi çərçivə bütöv deyil. Enerji məsələsinə
gəldikdə, bizim böyük enerji ehtiyatlarımız var. Biz bu ehtiyatları
Avropa bazarına çıxarmaq üçün artıq çoxlu səylər göstərmişik.
Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan
əldə edirlər. İndi isə biz Avropanın enerji xəritəsini tamamilə
dəyişəcək "Cənub" qaz dəhlizi layihəsini həyata keçiririk. Bizim
təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr
səviyyəsindədir və daha da çox olacaq. Çünki biz hələ də kəşfiyyat
işləri aparırıq. Hətta bu miqdar ən azından yüz il ərzində Avropa
istehlakçıları üçün etibarlı qaz mənbəyinin olmasına kifayətdir.
İki aydan da az müddət öncə, yəni, sentyabr ayında biz möhtəşəm
"Cənub" qaz dəhlizi layihəsinə start verdik. Artıq işlər başlayıb.
Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr
yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan
verəcək. Biz elə bir paylayıcı sistem quracağıq ki, onun vasitəsilə
50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq. Eyni
zamanda, bildiyimizə görə Avropa ölkələri arasında qaz kəmərlərini
bir-birinə bağlayan layihələr də nəzərdən keçirilir. Düşünürəm ki,
burada bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi
istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar
balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və
şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki
təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə
bağlıdır. Enerji sahəsində ikitərəfli münasibətlərimizə gəldikdə,
bu gün Baş nazir Viktor Orban ilə bu məsələni geniş müzakirə etdik
və bizim əməkdaşlıq üçün yaxşı perspektivlərimiz var. Biz
Macarıstanı enerji əməkdaşlığı sahəsində tərəfdaş hesab edirik və
Azərbaycan qazının Macarıstana hansı marşrutlarla gətirilməsini
dəyərləndiririk. Bu, Bolqarıstan-Rumıniya-Macarıstan marşrutu, ya
da Balkan ölkələrindən keçəcək, sonradan da Xorvatiyadan
Macarıstana gedəcək İoniya-Adriatik boru kəməri layihəsi ola bilər.
Hansı marşrutun bizim hamımız üçün münasib olması məsələsi
dəyərləndirilməlidir. Bizim icra etdiyimiz "Cənub" qaz dəhlizi
layihəsini və Azərbaycanın qaz ehtiyatlarını nəzərə alaraq şübhəm
yoxdur ki, Azərbaycan və Macarıstan qaz sahəsində tərəfdaş
olacaqlar.
- Deyə bilərsinizmi ki, Azərbaycan və Macarıstan
bir-birilərinin sərmayələrindən necə faydalana
bilər?
- Əminəm ki, aramızda olan çox yaxın siyasi
əlaqələr və artıq bu gün rəsmiləşdirdiyimiz strateji tərəfdaşlıq
iqtisadi şaxələndirmə sahəsində praktiki əməkdaşlıq üçün yeni
imkanlara yol açacaq. Məsələn, bu il qarşılıqlı ticarət
dövriyyəsində artım üç dəfədən artıq - 300 faizdən çox olmuşdur.
Bunun səbəbi də hər iki tərəfin siyasi iradə nümayiş etdirməsidir.
Bu gün bir azdan başlayacaq biznes forumda biz bir neçə praktiki
müqavilə və anlaşma memorandumlarını imzalayacağıq. Onlar bir çox
sahələri əhatə edir. Macar şirkətləri Azərbaycandakı böyük inşaat
layihələrində iştirak edəcəklər. Onlar ölkəmizdə bir neçə körpü
tikəcəklər. Eyni zamanda, macar şirkətləri su təchizatı və
paylanılması ilə bağlı layihədə bizim tərəfdaşlarımız qismində
çıxış edəcəklər. Azərbaycana müxtəlif növ kənd təsərrüfatı
məhsullarının çatdırılması üçün macar şirkətləri ilə kənd
təsərrüfatı sahəsində artıq çox yaxşı iş təcrübəmiz var. Bu gün
informasiya texnologiyaları sahəsində sənəd imzalanmışdır və burada
söhbət Regional Məlumat Mərkəzinin yaradılmasından gedir. Turizm,
dərman preparatlarının istehsalı, əczaçılıq sahələri kimi bir çox
digər sahələr də mövcuddur. Azərbaycanda infrastruktur və inşaat
ilə bağlı icra olunan bir çox layihələr var. Biz bu layihələrə
tərəfdaşlıq üçün Avropadan bir çox şirkətləri Azərbaycana dəvət
edirik. Biz dost ölkələrdən olan şirkətlərlə ortaq işbirliyi qurmaq
istəyirik. Buna görə ticarət dövriyyəsinin üç dəfədən çox artması
səbəbsiz baş verməmişdir. Bunun səbəbi bizim sıx siyasi
əlaqələrimiz, qarşılıqlı etibarımız və qarşılıqlı hörmətimiz
olmuşdur. Baxmayaraq ki, üçqat artım çox yaxşı göstəricidir, lakin
mövcud olan potensial bundan qat-qat böyükdür və biz Baş nazir
Orban ilə potensialın böyük olduğunu müzakirə etdik. Biz
investisiya sahələrində daha çox əməkdaşlıq etmək istəyirik. Biz
hökumətinizin də prioritet hesab etdiyi sahələr üzrə Macarıstana
investisiya yatırmaq üçün müxtəlif fikirləri nəzərdən keçiririk ki,
uzun illər ərzində davam edəcək güclü iqtisadi tərəfdaşlıq qura
bilək və hər iki tərəf bundan yalnız faydalanacaq.
- Bu, çox vacibdir: Azərbaycan Macarıstana nə
verə bilər? Ölkəniz iqtisadiyyatla bağlı bizə nə məsləhət verə
bilər, yoxsa sadəcə, investisiyalarla kömək edə bilər? Necə ki,
Macarıstan Azərbaycanda yol və körpülərin tikintisi ilə bağlı bunu
edib.
- Əminəm ki, Macarıstana heç bir məsləhət lazım
deyil. Sizin əhalinin böyük dəstəyini qazanmış çox dinamik,
effektli hökumətiniz var. Son seçkilər də bir daha Baş nazir Viktor
Orbanın yürütdüyü siyasətin milli maraqlara söykəndiyini və
əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyini nümayiş etdirdi.
Buna görə də siz doğru yoldasınız və biz də sizin dostunuz kimi,
əldə etdiyiniz bu möhtəşəm nailiyyətinizə görə sizi və hökumətinizi
yalnız təbrik edə bilərik. Çünki ölkəniz indi müstəqil və milli
maraqlara söykənən siyasət yürüdən ölkələrin rəmzidir və bu da həm
sizin, həm də bizim hökumətimiz üçün yüksək prioritet təşkil edir.
Aramızda bir çox oxşarlıqlar var, ola bilsin ki, bu oxşarlıqlar
bizi birləşdirir. Praktiki cəhətdən Azərbaycanın sərmayə ilə daxil
olduğu istənilən ölkədə biz investisiya sahələri üzrə hökumət
qurumları ilə məsləhətləşmələr aparırıq. Biz təbii ki, prioritet
olmayan sahələrə investisiya yatıran tərəfdaş olmaq istəmirik. Biz
bu layihələrə biznes və əlaqələrimizin gücləndirilməsi
nöqteyi-nəzərindən baxırıq. Buna görə də bu sahələr turizm, otel
biznesi, infrastruktur, ağır sənaye ola bilər. Biz Macarıstanda, o
cümlədən Azərbaycanda birgə investisiya layihələrini təşkil edə
bilərik. Beləliklə, çoxlu imkanlar var və biz onları reallaşdırmağa
hazırıq. Mənim səfərim və Baş nazir ilə dünən və bu gün apardığım
müzakirələr əsasən bu yeni fürsətlərin dəyərləndirilməsinə, üstəgəl
Macarıstandan Azərbaycana daha çox şirkətlərin dəvət edilməsinə
yönəlib. Bu gün biznes forumda əlbəttə ki, Azərbaycanda mövcud
biznes imkanları ilə bağlı təqdimat keçiriləcək. Növbəti illərdə
biz nə etməyi planlaşdırırıq və xarici şirkətlərin bizə qoşulması
üçün imkanlar nədir? Əlbəttə, bizim gələcəkdə yeni layihələrimiz və
yaxşı nəticələrimiz olacaq.
- Müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü
bildirirəm.
- Çox sağ olun.