İşğal zonasında uçuş qadağası
13 Noyabr 2014 10:51 (UTC+04:00)
Azərbaycan işğal olunmuş əraziləri üzərində
uçuşlara qadağa qoyduğunu bir daha bəyan
edib.
ANS PRESS-in məlumatına görə, Azərbaycan Xarici
İşlər Nazirliyinin bəyanatında belə deyilir: "Azərbaycan
Respublikası işğal olunmuş əraziləri üzərindəki hava məkanını
uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada beynəlxalq mülki
aviasiya təşkilatının bütün üzvlərini bu barədə
məlumatlandırıb".
XİN dünən Ermənistan Hava Qüvvələrinə məxsus
helikopterin vurulması məsələsini şərh edərkən bildirib.
Bəyanatında qeyd olunub ki, Ermənistana məxsus hərbi
helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması
Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın
ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin
davamıdır: "Bu ilin 27 oktyabr tarixində Fransa Prezidenti Fransua
Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş
görüşdən sonra Ermənistan tərəfindən Azərbaycan Respublikasının
işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi
texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin
keçirilməsinə başlanılıb və atəşkəs rejimi Ermənistan tərəfindən
intensiv şəkildə pozulmaqda davam etdirilib.
12 noyabr tarixində son üç gün ərzində müşahidə
edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistan
Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Mi-24
tiplihelikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində
yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə
helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə
məcbur olub.
XİN-in bəyanatında daha sonra qeyd olunub ki,
Paris görüşünün nəticəsi olaraq, "Böyük Sülh Sazişi"nin layihəsi
üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə
Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin
gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və
mövcud status-kvonun saxlanması məqsədi daşıyır: "Gərginliyin
yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı
qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna
görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz
da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti
Ermənistanın üzərinə düşür.
Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün
və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı
qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılmalıdır".