Abdulla Gül Bakıya gəlir
13 Noyabr 2014 09:14 (UTC+04:00)
Nizami Gəncəvi beynəlxalq mərkəzinin baş katibi
Rövşən Muradov İstanbulda Türkiyənin 11-ci prezidenti Abdulla Güllə
görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə
verilən məlumata görə, görüşdə 2015-ci ilin aprel ayında
keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqlar,
Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafı, bu
münasibətlərin gücləndirilməsində Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin rolu və Abdulla Gülün sabiq prezident kimi verə biləcəyi
töhfələr müzakirə olunub.
Nizami Gəncəvi beynəlxalq mərkəzinin baş katibi
Rövşən Muradov Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr,
2015-ci ilin aprel ayında təşkil olunacaq III Qlobal Müştərək
Cəmiyyətlər Forumu haqqında Abdulla Gülə geniş məlumat verib.
R.Muradov sabiq prezidenti bütün türk dünyası adından təşkilatın
fəaliyyətində yaxından və aktiv iştirak etməyə, qarşıdakı foruma
qatılmağa dəvət edib.
Mərkəzin əhəmiyyətini vurğulayan Abdulla Gül
Azərbaycanda dünyanın nüfuzlu ictimai-siyasi liderlərinin
birləşdiyi belə bir beynəlxalq əhəmiyyətli təşkilatın yaradılmasını
sevindirici hal kimi qiymətləndirib və əlavə edib ki, bu, təkcə
Azərbaycanın deyil, eyni zamanda bütün türk dünyasının bəşəriyyəti
narahat edən qlobal problemlərin həll yollarının tapılmasında
iştirakını təmin edə bilər. Mərkəzin dəvətini yüksək dəyərləndirən
eks-prezident III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak
etməklə Azərbaycana öz dəstəyini göstərəcəyini bildirib. A.Gülün
fikrincə, atılmış hər bir addım iki dövlət arasında əlaqələrin daha
da inkişaf etdirilməsinə xidmət
göstərməlidir.
Xatırladaq ki, 2007-2014-cü illərdə Türkiyə
Respublikasının prezidenti olmuş Abdulla Gül buna qədər ölkənin
xarici siyasət idarəsinə (2003-2007) və hökumətə (2002-2003)
rəhbərlik edib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı
çərçivəsində III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 40-dan çox
ölkənin sabiq dövlət və hökumət başçısının iştirakı
gözlənilir.