Qızıl dükanlarında saxta qızıl satışı-Ehtiyatlı olun!

13 Noyabr 2014 10:30 (UTC+04:00)

Azərbaycanda qızıl bazarı ildən- ilə genişlənsə də, rəsmi məlumatlara görə, təkcə bu il təxminən 15 min saxta qızıl dövriyyədən çıxarılıb, 20 -yə yaxın sahibkarın lisenziyası ləğv edilib. Mütəxəssislərin sözlərinə görə, saxta qızıl məmulatlarının bazarda yer alması, il ərzində dövlət büdcəsinə yarım milyon manatdan artıq ziyan vurub. Azərbaycanda saxta qızıl satışının qarşısını almaq üçün Maliyyə Nazirliyi yanında  Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən satış obyektlərində yoxlamalar aparılsa da, hələki istehlakçılar bazardan saxta qızıl almaqdan sığortalanmayıblar. Bir ətək pul sayıb verdiyimiz qızılın saxta  olduğunu bildikdə isə onu nə geri qaytara bilirik, nə dəki bizə dəyən ziyanın yarısını belə geri ala.  Qızıl satışı bazarında saxta qızılın çəkisinin günü-gündən artması isə artıq qanundan çıxış edərək saxta qızıl satışına nəzarəti gücləndırməyin və cəza tədbirlərini sərtləşdirməyin vaxtı çatdığından xəbər verir. İqtisadçı Azər Mehtiyev Movqe.az-a açəqlamasında deyib ki, bu problemin qarşısını almaq üçün ilk növbədə sərhəd keçid məntəqələrində, gömrük postlarında nəzarət gücləndirilməlidir ki, ölkəyə qeyri-qanuni yolla qızıl gətirilməsinin qarşısı alınsın: "İkinci yolu isə bütün satış obyektlərində ciddi yoxlamaların aparılması,  Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətindən qeydiyyatdan keçməyən, müvafiq sertifikatı olmayan qızıl satışı dükanlarının fəaliyyətinə son qoyulmasıdır. Bu gün təbii ki, sözügedən qurum tərəfindən saxta qızıl satışına qarşı monitorinqlər keçirilir. Amma, bazardakı mövcud vəziyyət bu monitorinqlərin tam effekt vermədiyini göstərir. Ona görə də, aidiyyatı qurumlar bütün rıçaqlardan istifadə edərək qızıl bazarında saxta məhsulların satışına qarşı mübarizəni gücləndirməlidirlər".

A.Mehtiyev deyir ki, bu mübarizənin gücləndirilməsinin ən effektiv yollarından biri, cərimələrin məbləğini fantastik həddə çatdırmaqdır: "Saxta qızıl satanları yüksək məbləğdə cərimə etmək lazımdır. Yaxudda, bu işə nəzarət edən qurumlara əlavə səlahiyyətlər vermək lazımdır".

İqtisadçı deyir ki,  bu gün vətəndaşlara qızıl alarkən onun saxta yaxud, saxta olmadığını yoxlamaq üçün bu bazarda şərait yaradılmayıb. Bu isə saxta qızıl alverçilərinə bazarda daha geniş imkan yaradır ki, öz məhsullarını rahat sata bilsinlər: "Bu gün qızıl satışı bazarında  problem təkcə saxta qızılın satılmasında deyil. Bir də görürsən ki, işbazlar əyyarı yuxarı göstərirlər. Halbuki, satdıqları qızılın əyarı dəfələrlə göstərildiyindən aşağıdır. Bu gün bazarda hansı alverçidən qızıl alırsansa, həmin qızılı almazdan öncə müstəqil bir zərgərə yoxlatdırmaq üçün icazə vermir. Belə olan halda alıcı aldadılır. Yəni vətəndaşın saxta qızıl barədə bazarda məlumat almaq imkanı yoxdur. Alternativ qiymətləndirmə üçün şərait olmadığından, alıcılar qızılı aldıqdan sonra aparıb başqa zərgərdə yoxlatdırdıqda bəlli olur ki, qızıl saxtadır, yaxud əyyarı səhv göstərilib".

Mehtiyevin sözlərinə görə, bununla yanaşı saxta qızıl satışının qarşısını almaq üçün kustar üsulla qızıl hazırlayan sexlərə də nəzarət gücləndirilməlidir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkə qanunvericiliyinə görə, qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır: "Düşünürəm ki, bu qərarın dəyişdirilməsinə ehtiyac var. Çünki bu, alıcıların alıcı hüquqlarının pozulmasına gətirib çıxarır. Satıcı bilir ki, mal keyfiyyətsiz olsa belə, alıcının onu qaytarmaq imkanı yoxdur". E.Hüseynovun fikrincə, alıcılar aldıqları keyfiyyətsiz qızılı geri qaytara bilmədiklərindən bu məmulatın alışı zamanı çox diqqətli olmalıdırlar: "İstehlakçının hüququ var ki, aldığı malın bütün sənədlərini, sertifikatını, haradan alınması barədə sənədi, qiymət sənədini və s. satıcıdan tələb etsin. Qızılın üzərindəki damğaya da fikir verilməlidir". Həmsöhbətimiz onu da əlavə etdi ki, bazardakı qızılların 30 faizi saxtadır: "Bunu mənimlə söhbətlərində zərgərlər özləri deyirlər. Bizə də aldanan alıcılar çox müraciət edirlər. Ancaq, təəssüflər olsun ki, əllərində malı haradan, nə vaxt aldıqları barədə dəlil-sübut, qəbz olmadığına görə onlara yardım edə bilmirik. Düşünürəm ki, Dövlət Əyar Palatası da istehlakçıların hüquqlarının qorunması sahəsində fəal deyil". 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə bağlı qaydalara görə, ölkədə qızıl və digər qiymətli məişət əşyaları istehsal edən fiziki və hüquqi şəxslərdə istehsal edilən əşyalar satışa çıxarmamışdan əvvəl Dövlət Əyar Palatası (DƏP) tərəfindən damğalanmalıdır. Dövlət əyar damğası - zərgərlik məmulatlarının keyfiyyətinə dövlət zəmanətidir. Nazirlər Kabinetinin qərarıyla qızıl alındıqdan sonra geri qaytarıla bilməz. Buna görə də keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyə edir.