Özəl tibb müəssisələrində kadr və tibbi şərait olmadan ağır əməliyyatlar aparılır

13 Noyabr 2014 09:40 (UTC+04:00)

Azərbaycanda özəl tibb mərkəzlərinin sayı artsa da, ölkədə ixtisaslaşmış özəl klinikaların sayı çox azdır. Paytaxt Bakıda fəaliyyət göstərən özəl klinikaların çoxu demək olar ki, pasiyentlərə doğuşayardım xidmətindən tutmuş, ürək əməliyyatlarına qədər xidmət təklif edirlər. Əslində cərrahiyyə əməliyyatlarının aparılması üçün steril şəraitin, müasir tibbi aparatların, eləcə də kadr potensialının olması əsas şərt olsa da, bəzən bu cür şəraiti olmayan özəl klinikalarda da, ən ağır cərrahi əməliyyatlar gerçəkləşdirilir. Azərbaycanda özəl klinikalarda bu cür xaotik vəziyyət müşahidə olunsa da, xarici ölkələrdə xəstələr ixtisaslaşmış özəl klinikalara müraciət edirlər. Hətta xəstələrin düzgün istiqamətləndirilməsi üçün özəl klinikaların mərkəzləşmiş mərkəzi də fəaliyyət göstərir. Azərbaycanda isə Səhiyyə Nazirliyi özəl klinikalarla bağlı belə bir tələbin olmadığını bildirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında deyib ki, Azərbaycanda da bəzi özəl tibb müəssisələrində ixtisaslaşma var: "Özəl tibb müəssisələrinin bəziləri sırf cərrahiyyə klinikaları kimi fəaliyyət göstrir. Amma özəl klinikalara elə bir tələb yoxdur ki, onlar sırf ixtisaslaşmalı, müəyyən xidmətlər təklif etməlidirlər".

Professor Adil Qeybulla isə bəzən Azərbaycanda özəl tib müəssisələrində lazımi avadanlıq və kadr potensialı olmadan ağır cərrahi əməliyyatların gerçəkləşdirildiyini söyləyir. A. Qeybulla deyir ki, əslində özəl tibb müəssisələrində Səhiyyə Nazirliyinin müvafiq komissiyasının yoxlamasından sonra hansı tibbi xidmətlərin göstərilməli, hansıların göstərilməməli olduğu müəyyənləşməli, qərar verilməlidir: "Yalnız bu qərardan sonra özəl klinikalar öz xidmət sahələrini açıqlaya bilərlər. Amma çox təəsüf ki, bizdə bu sahədə bir qədər xaotik vəziyyət hökm sürür. Özəl xəstəxanalar qanundakı boşluqlardan istifadə edib  şərait, kadr potensialına məhəl qoymadan tibbi xidmətlər təklif edirlər".