Müdafiə Nazirliyi cəbhə bölgəsində vurulan helikopterlə bağlı növbəti açıqlamasını yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə,
Ermənistan Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində
müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan Mi-24
döyüş helikopterinin vurulması ilə əlaqədar yaydığı xəbərlərə cavab
olaraq Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın işğal olunmuş
ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter
Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı "Erebuni"
hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına
məxsusdur.
Həmişə olduğu kimi yenə də Ermənistan tərəfi
riyakarlıqdan əl çəkmir və Mi-24 döyüş helikopterini və həlak olan
hərbi qulluqçuları qondarma Dağlıq Qarabağın hərbi qulluqçuları
kimi təqdim etməyə çalışır. Halbuki məhv edilən Mi-24 döyüş
helikopterinin ekipaj üzvlərinin hər 3 üzvü Ermənistan Hərbi Hava
Qüvvələrinin zabitidir.
Ekipaj komandiri mayor Sergey Saakyan Yerevan
şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı
hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan Hərbi Hava
Qüvvələrinin zabitidir.
Baş leytenant Sarkis Nazaryan isə Hərbi Aviasiya
məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş
helikopterlərində ekipaj üzvü kimi xidmət edib.
Ekipajın digər üzvü leytenant Azat Saakyan Yerevan
şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət
edirmiş, hərbi pilotdur.
Beynəlxalq qanunlara zidd olaraq Ermənistan
Respublikası tərəfindən işğal olunmuş ərazilərdə təlimlərə cəlb
edilmiş hərbi aviasiyanın tərkibində, cəbhənin ön xətdində döyüş
uçuşları keçirən həmin hərbi helikopter provokasiya məqsədilə
mövqerlərimizə atəş açdığına görə döyüşçülərimiz tərəfindən
vurulmuşdur.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir daha rəsmi olaraq bildirir ki, Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş Daglıq Qarabağ üzərində həyata keçirilən bütün razilaşdırılmamış aviauçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcəkdir.