Borcu olanlara şad xəbər

13 Noyabr 2014 17:21 (UTC+04:00)
Bank olmayan kredit təşkilatlarına nəzarət güclənəcək.

ANS TV-nin məlumatına görə, Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı banklara qarşı tələbləri sərtləşdirməsindən sonra əhali bank olmayan kredit təşkilatlarına üz tutub. Əsasən bölgələrdə əhali arasında populyar olan bu təşkilatlar fəaliyyətlərində hələ ki, heç bir məhdudlaşdırıcı tədbirlə üzləşməyib. Tənzimləyicinin bank olmayan kredit təşkilatlarına qarşı mülayim davranması isə onunla bağlıdır ki, bu qurumlar əmanət qəbul etmədiklərindən onların müflis olması, bağlanması, verdiyi kreditin qayıtmaması halında yalnız özləri itirir. Amma Mərkəzi Bank bu qurumları özbaşına buraxmayacaq. İstehlak kreditlərinin xüsusi çəkisinin və əhalinin lazımsız yerə borclanmasında bank olmayan kredit təşkilatlarının rolunun artmaması üçün onların kredit portfelinə nəzarət olunacaq. 

Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayevin dediyinə görə, bank olmayan belə yerlər ən çox regionlarda açılır. Bu yerlərin açılışının hələ ilkin mərhələsi olduğu üçün sərt tənzimləyici tədbirlər nəzərdə tutulmur. Amma bu struktura daima fikir verildiyini deyən Xəqani Abdullayev lazım gəldikdə həm fərdi, həmdə sistemli şəkildə onlara tövsiyyələrini verdiyini vurğuladı. 

Hazırda ölkədə 160 bank olmayan kredit təşkilatı var. Mərkəzi Bankın məlumatına görə, onların yarıya qədəri bölgələrdədir. Son vaxtlar onların sayının artması, xüsusilə bankların da daxid olduğu holdinqlərin bank olmayan kredit təşkilatı yaratması müşahidə olunur.