Azərbaycan İranın əsas ümid yerinə çevrilir
14 Noyabr 2014 08:15 (UTC+04:00)
Cənub qonşumuz Qərblə münasibətlərinin inkiaşfında və daha
yüksək səviyyəyə gəlməsində Azərbaycanı əsas vasitəçilərdən biri
qismində gördüyünü açıq etiraf edir. Öncə bu mövzuyu toxunan İran
parlamentinin Tədqiqat Mərkəzinin üzvü Cəlil Cəfəri Azərbaycanın
İran və Qərb arasında həm siyasi, həm də nüvə danışıqlarının
səmərəliliyini artırmaq, eləcə də enerji sahəsində körpü ola
biləcəyini dilə gətirib: "Azərbaycanın həm İran, həm də Qərblə
yaxşı münasibətləri var. Hazırda İran və ABŞ arasında nüvə məsələsi
üzrə müzakirələr gedir və Azərbaycan tərəflərin mövqelərinin
yaxınlaşmasında müstəsna rol oynaya bilər. Çünki bu potensiala
malikdir. Bu, həm İrana, həm Azərbaycana, həm də beynəlxalq
ictimaiyyətə öz töhfəsini verəcək. Azərbaycanın həm enerji, həm
xarici siyasət baxımından, həm də coğrafi baxımdan yerləşdiyi ərazi
çox önəmlidir, yalnız İran üçün deyil, Qərb üçün də önəmlidir.
Azərbaycan elektrik enerjisi, neft, qaz tranziti baxımından da İran
və Qərb ölkələri arasında körpü rolunu oynaya bilər".
Bunun ardınca analoji mövqe İran prezidenti Həsən Ruhani
tərəfindən sərgiləndi. O bildirib ki, ölkələrimiz elə bir coğrafi
mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər:
"Biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya
qədər körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz
vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran
vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz
gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və
bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək
etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və
birləşməsinə nail olaq".
Əfşar Süleymani: "İran Azərbacan vasitəsi ilə
Avropaya çıxışını təmin edə bilər"
Məsələni şərh edən İranın Azərbaycandakı sabiq səfiri Əfşar
Süleymani bildirdi ki, tək İran Azərbaycandan yox, Azərbaycan da
İrandan faydalan bilər: "Həsən Ruhanı Azərbaycanın da cənuba – Fars
körfəzinə, Hind okeanına birləşə biləcəyini vurğuladı. İran
Azərbacan vasitəsi ilə Bakı-Ceyhan-Ərzurum və yeni başlayan TANAP
layihəsi ilə Avropaya çıxışını təmin edə bilər. Eyni zamanda uzun
müddətdir gündəmdə olan dəmiryolu məsələsi də var. Rəşt-Ərzurum
istiqamətində işlər gedir. Yaxın zamanlarda həmin işlərin bitməsi
gözlənilir. Yəni, bizim su, dəmiryolu və quru yollar vasitəsi ilə
şimal-cənub dəhlizi kimi imkanlarımız var. Bunların hamısı sözdə
yox, əməldə həyata keçirilməlidir. İqtisadi məsələlər işin bir
tərəfidir. Burada başqa məsələlər də - regionda sabitliyin və
təhlükəsizliyin güclənməsi amili də var. Orta Şərqdə gedən
proseslərin bizim regionda da baş verəməməsi üçün birləşməyimiz
labüddür. Bizlər arasında həmçinin mədəniyyət telləri də var.
Mədəniyyət telləri əsas yaradır ki, yuxarıda söylənilən işləri
görək. Məsələn, İran Türkiyəyə qaz satır. Bu məsələdə də Azərbaycan
vasitəçi ola bilər. müvafiq kəmər Azərbaycanda keçə bilər.
Rusiyanın son zamanlar regionda aktivləşməsi qarşısında da birləşmə
çox vacibdir. Qərbin də siyasi təsirinin altında qalmamaq şərti ilə
əməkdaşlığı genişləndirmək lazımdır".
Məhəmməd Talıblı: "Geosiyasi baxımdan
yerləşdiyimiz məkan tranzit üçün belə bir əməkdaşlığı həyata
keçirməyə imkan verir"
İqtisadçı-ekspert Məhəmməd Talıblı isə bildirdi ki, ilk növbədə
Azərbaycanın özünün Qərblə strateji əməkdaşlığı yükək səviyyədə
qalmalıdır: "Yalnız enerji sahəsində əməkdaşlıq və ya konkret halda
neft satışı hələ strateji müttəfiqlik münasibətlərini özündə ehtiva
etmir. Amma geosiyasi baxımdan yerləşdiyimiz məkan tranzit üçün
belə bir əməkdaşlığı həyata keçirməyə imkan verir. Əgər belə bir
münasibət olarsa, İranın öncə özünün Ermənistanla münasibətlərinə
yenidən baxmağa dəvət etmək lazımdır. Ermənistanı "oksigenlə" təmin
edən İran Qərb tərəfindən izolyasiyaya salınmasını hiss etdiyi üçün
preventiv tədbirlərə əl atır".
Əlirza Amanbəyli: "İran neft və qazını Avropa
bazarlarına Azərbaycan kəmərləri ilə çıxara bilər"
Milli Dirçəliş Partiyası Güney Azərbaycan Departamentinin rəhbəri
Əlirza Amanbəyli bilirdi ki, son illər İranla Qərb münasibətləri
gərginləşməsi məlum haldır: "Sanksiyalar İranın iqtisadiyyatını çox
zəiflədib. İqtisadi tənəzzül İranı vadar edib ki, Qərb dövlətləri
ilə müəyyən razılığa gəlsin. Bu işdə də Azərbacanı vasitəçi kimi
görüb. Bildiyimiz kimi, Azərbaycan müstəqillik qazanandan sonra
regionda Qərblə sıx əməkdaşlıq quran ölkələrdən biridir. İran
Azərbaycandan vasitəçi kimi yararlanmağa çalışır. Sanksiya tətbiq
edilmiş məhsullarını Azərbaycan vasitəsi ilə Qərbə satmaq
istəyindədir. İran neft və qazını Avropa bazarlarına Azərbaycan
kəmərləri ilə çıxara bilər. Bunu tehran bilir".