Neftin büdcə qiyməti ətrafında fikirlər haçalanır

14 Noyabr 2014 09:01 (UTC+04:00)

Dünya bazarında neftin qiyməti artıq 80 dollarlıq həddən də aşağı düşüb. İndi birjalarda bir barrel neft 79 dollara satılır. "Qlobal Macro Investor" şirkəti isə neft qiymətlərinin 30 dollara enə biləcəyi proqnozu verib. Şirkətin təmsilçisi Raoul Pal bunula bağlı qeyd edib: "Güclənən dollar neft qiymətini 30-40 dollara qədər endirə bilər". Xatırladaq ki, Azərbaycan hökuməti gələn ilin büdcəsində neftin bir barrelini 90 dollardan götürməyi planlaşdırıb. Gələn həftənin ikinci günü Milli Məslisdə artıq dövlət büdcəsinin müzakiərsi zamanı bu məsələyə də baxılmalıdır.

Lakin proses ondan xəbər verir ki, "qara qızıl"ın qiyməti hələ aşağı düşməkdə davam edəcək. Bu fonda gözləmək olarmı ki, Milli Məclis neftin bir barrelini daha aşağı rəqəmlərlə götürsün?

Millət vəkili Vahid Əhmədov təklif edir ki, büdcə layihəsinin müzakirəsi fonunda neftin bir barreli 90 deyil, 80 dollardan götürülsün: "Neftin qiyməti amilinin büdcənin formalaşmasında rolu elə də böyük deyil. Neftin bir barelini təxminən 90 dollar deyil, 80 dollardan götürsək, 250 milyon manata qədər təsiri olacaq. Əlbəttə, ümumi götürəndə, qiymət enməsinin Azərbaycan iqtisadiyyatına təsiri böyükdür. Neftin qiyməti nə qədər yüksək olarsa, bunun dövlətimizə xeyri də bir o qədər çox olar. Az olanda isə Neft Fonduna daxilolmalar da azalır. Bütün hallarda düşünürəm ki, 90 dollardan götürüldükdə də bunun dövlət büdcəsinə ciddi problemi olmayacaq. Düzdür, büdcədə neftin qiyməti nə qədər aşağı götürülərsə, daha yaxşıdır, əlavə vəsaitlərin gəlməsi baxımından. Milli Məclisdə məsələnin müzakirəsi zamanı neftin bir barrelinin 80 dollardan götürülməsini təklif edəcəyəm".

Ekspert İlham Şaban da düşünür ki, hətta barrelin 90 dollardan götürülməsi büdcənin icrasında problemə səbəb olmayacaq: "Azərbaycan hökuməti hesab edir ki, gələn il üçün neftin orta qiyməti 90 dollar civarında, hətta ondan yuxarı da olsun. Hökumətin proqnozuna görə, hazırda neftin qiymətində baş qaldıran enmələr qısa müddətlidir. Buna əsasən də, hökumət gələn ilin büdcəsində bir barreli 90 dollardan götürməyi nəzərdə tutub. Onlar bu məsələyə bir, iki aylıq nəzər-nöqteyilə baxmırlar. Hökumət belə tendensiyalara uzun müddətli, bir illik müddət kimi baxır. Bu səbəbdən də düşünürlər ki, gələn ilin ortalarından başlayaraq neftin qiyməti hətta 100 dollara qalxa bilər. İlin əvvəlində 70-75 dollar olar, ikinci yarısında isə hətta 105 dollara qalxar. Belədə orta rəqəm olaraq, 90 dollar götürülür. Hökumət məsələyə məhz bu gözlə baxır. Real olaraq məsələyə yanaşanda, neftin qiymətinin 90 dollardan bir neçə dollar aşağı olması büdcə layihəsinin icrasında hansısa bir böyük problem yaratmayacaq".