2100-cü ilə kimi reallığa çevriləcək möcüzələr

14 Noyabr 2014 09:38 (UTC+04:00)

Zamana görə səyahət, teleportasiya, görünməzlik effekti, məsafədən fikirlərin oxunması, kosmik turizm və necə deyərlər, digər gələcək texnologiyalar- bunların hamısı bu yüzilliyin sonuna kimi əlçatan olacaq. Ən yeni təkmilləşmələr sayəsində indiki məktəblilər böyüyən vaxt hazırda yalnız fantastik filmlərdə göstərilən texnologiyalardan istifadə edəcəklər.

Belə ki, Kolin Stüart özünün The Big Questions in Science ("Elmdə böyük suallar") kitabında yazır ki, biz təqribən 85 ildən sonra keçmişə və gələcəyə səyahət etməyi öyrənəcəyik. Əslində, biz artıq indi kiçik vaxt kəsiyində bir zamandan digərinə "sıçraya" bilirik. "Əgər fəzada işıq sürətinin 10 faizini təşkil edən sürətlə hərəkət edilərsə, onda kosmosda altı ay qalmaq Yerdə altı ay bir gün qalmağa bərabər olacaq. Beləliklə, siz bir gün irəlidə ola bilirsiniz! Əgər bu sürətlə 10 il ərzində hərəkət edilərsə, gələcəkdə üç həftə olmaq olar"- alim bildirib. Hələlik qalma müddəti o qədər də böyük deyildir, lakin, ola bilər ki, əsrin sonuna kimi kosmik gəmiləri elə sürətlə hərəkət etdirmək mümkün olsun ki, astronavtlar artıq başqa eraya qayıtsınlar.

Teloportasiyaya gəldikdə isə, gələcəyin bu texnologiyasını 65 ildən sonra əldə etmək mümkün olacaq. Qlazqo Universiteti yanında Fizika və Astronomiya Məktəbindən olan xanım Meri Jaklin Romero güman edir ki, təqribən həmin vaxta kimi teloportasiyanı nəqliyyat vasitəsi kimi hər yerdə istifadə etməyə başlayacaqlar. "Teleportasiyanın mümkün olmadığını təsdiq edən heç bir əsaslı qanun yoxdur. Texnologiyaların müasir inkişafını nəzərə alaraq, mənim hesablamalarıma görə, biz filmlərdə müşahidə etdiyimiz teleportasiyanı, haradasa, 2080-ci ildə görə biləcəyik. Insanı teleportasiya etmək çox çətin olacaq və bu, şübhəsiz ki, fiziklərin işidir. Buna baxmayaraq, mümkündür ki, kimya və molekulyar biologiyadakı yeni kəşflər bizim buna daha tez nail olmağımıza imkan versin"- Romero vurğulayıb.

Tədqiqatçı xanaım əlavə edib ki, hər halda, artıq alimlər elektronları laboratoriya şəraitində uğurla teleportasiya edə biliblər.

Londonun İmperiya Kollecinin professoru Kris Fillips proqnozlaşdırır ki, görünməyən plaş isə bizi 10-20 ildən sonra sevindirə bilər. Artıq bu gün müxtəlif optik effektlər vasitəsilə obyektləri gizlətməkdə kömək edən gələcəyin ilk texnologiyaları vardır.

"Biz artıq bunu, az qala, reallığa çevirmişik, belə ki, gələcəyin bəzi texnologiyaları artıq mövcuddur. Amma əsas problem uyğun kamuflyajın liflərini düzgün strukturlaşdırmaqdan ibarətdir. Hələlik bunu etmək çox çətindir. Bununla belə, yeni 3D-printer vasitəsilə əvvəllər təsəvvürə gətirilə bilməyən bu cür materiallar hazırlamaq olar"- Fillips şərh edib.

Ən yaxın vaxtlarda insan fikrini söz şəklində ötürə bilən aparat hazırlana bilər.

Iş ondadır ki, biz nə barədəsə fikirləşərək həmişə fikrən bu barədə "danışırıq". Aparat beyin dalğalarını tutacaq və onu şifahi nitqə çevirəcək. "Siz qəzet və ya kitabdan mətn oxuyan zaman öz başınızda öz səsinizi eşidirsiniz. Biz sözləri fikrən tələffüz edən vaxt beynin fəaliyyətinin şifrəsini açmağa çalışdıq"- Kaliforniya Universitetindən olan alim Brayan Pesli bildirib.

Hələlik yalnız amerikalı neyrobioloqlar tərəfindən hazırlanmış kompüter proqramı vardır. Kompüterlə əlaqə yaratmaq üçün beyinlərinə mikroçiplər implantasiya edilmiş epilepsiya xəstəliyindən əziyyət çəkən yeddi pasient üzərində keçirilən ilk eksperimentlər hələlik yalnız müəyyən sözləri dərk etməyə imkan versə də, az-çox uğurlu alınıb.

Əgər "fikri nitqi" oxumaq üçün mükəmməl aparat hazırlanarsa, o, lal-kar, dil tutulmasından (müvafiq beyin mərkəzlərinin zədələnməsi nəticəsində nitqin itirilməsi) əziyyət çəkən və məsələn, insultdan sonra çətinliklə danışan adamlar üçün əvəzolunmaz yenilik olacaq.

Artıq gələn ildən kosmik turistlər üçün müntəzəm olaraq reyslər təşkil edilə bilər. Bu, özəl kommersiya şirkətləri tərəfindən mümkün olacaq. Belə ki, Virgin Galactic korporasiyası Yer səthindən 110 km hündürlüyə qalxa bilən SpaceShipTwo suborbital kosmik gəmi hazırlayıb.

EngineeringUK korporasiyasının rəhbəri Pol Ceksonun sözlərinə görə, son elmi tədqiqatlar göstərir ki, "gənc nəsil elmi-fantastik filmlərdəki arzuları reallığa çevirə biləcək". Beləliklə, çox tezliklə gələcəyin texnologiyalarını görmək mümkün olacaq.